Zakir ABIŞLI
"Formula 1"... Dünyanın ən sürətli maşınlarının və ən yaxşı pilotlarının yüksək sürətdə bir-biriləri ilə rəqabət apardıqları yarış. Bu yarışda bir-biriləri ilə apardıqları rəqabətlə məşhur olan pilotlar da var. "Formula 1" azarkeşi deyilsinizsə, bunları bilməzsiniz. Amma azarkeşisinizsə, avstraliyalı Niki Lauda və ingiltərəli Ceyms Hant rəqabətindən, yəqin ki, xəbərdarsınız.
Tarix 1 avqust 1976-cı il. "Formula 1" üzrə Almaniya Qran-prisi. Laudanın bu tarixə kimi artıq bir dəfə "Formula 1" çempionluğu var. 1976-cı il çempionluğu üçün də əsas namizəd idi. Çünki ən yaxın və əsas rəqibi Hantı əvvəlki Qran-prilərdə topladığı xallara görə qabaqlayırdı.
Bu Qran-pridə Laudanın gözlənilmədən qəzaya uğraması hər kəsi şoka saldı. Qəza nəticəsində baş nahiyəsində ciddi yanıqlar olması və maşın alışdığı üçün toksik qazların ciyərinə dolması onun komaya düşməsinə səbəb oldu. Çoxları artıq fikirləşirdi ki, Lauda üçün bu, sondur. Onun yoxluğunda Hant növbəti 3 Qran-pridən vacib xallar yığdı. Lakin heç kəsin gözləmədiyi vaxtda Lauda cəmi 6 həftə sonra geri döndü və yarışlara qatıldı. Yenidən topladığı xallarla birinciliyi qorumağa başladı.
Tarix 24 oktyabr 1976-cı il. Həmin il üzrə çempionu müəyyən edəcək Yaponiya Qran-prisi. Lauda Hantı 3 xal qabaqlayaraq hələ də sıralamada birinci idi. Bu Qran-pri zamanı yağış və duman var idi. Amma yarışın keçirilməsinə qərar verildi. Bir neçə dövrə sonra belə hava şəraitində mübarizə aparmağın təhlükəli olduğuna qərar verən Lauda yarışdan imtina etdi və çıxdı. Artıq bütün gözlər Hantda idi. Onun finişə 3-cü gəlməsi bəs idi ki, Laudanı 1 xal qabaqlayıb çempion olsun.
Fəqət, havanın pis olması ingiltərəli pilotun işini çətinləşdirirdi. Yarışın bitməsinə 4 tur qalmış Hantın pit-stopa girməsi xeyli geri düşməsinə səbəb oldu. Lakin o, pit stopdan çıxan kimi risk edərək yağışlı və dumanlı havada bolidini cəsarətlə əvvəlkindən daha sürətli və aqressiv sürdü. Bir neçə dəfə qəzaya uğraya bilərdi, amma təcrübəsi, inadı və cəsarəti sayəsində yarışı 3-cü bitirdi və çempion oldu.
1977-ci il mövsümü isə Laudanın çempionluğu ilə bitdi. Bu iki pilotun "Formula 3"dən başlanan karyeraları "Formula 1"ə qədər gəlib çıxdı və hər iki pilot karyeralarının böyük hissəsini bir-biriləri ilə rəqabət apararaq keçirdilər. Hant cəsarətli və birinci olmaq üçün daha çox risk edən pilot, Lauda isə tam əksi idi. Avstraliyalı daha az risk edən, cəsarətindən daha çox ağlı və taktikasından yararlanan pilot idi. Hant əyləncəyə meylli, Lauda isə çox intizamlı biri olaraq tanınırdı. Lauda həm də "Formula 1" maşınları haqqında daha çox texniki biliyə malik olmağı ilə seçilirdi və sürəcəyi yarış maşınının hazırlanmasında daim iştirak edirdi.
Bu ikilinin rəqabəti haqqında 2013-cü ildə “Rush” adlı film çəkildi. Filmi izləyən biri olaraq çox maraqlı olduğunu və baxmağınızı tövsiyə edirəm. İngilis dilində izləsəniz, filmin son səhnəsində həqiqi Laudanın öz nitqindən Hant haqqında deyilən fikirləri eşitmiş olarsınız və bu sözlər çox təsirlidir.
Filmin ssenarisinin hazırlanmasında Lauda da yardımçı olub. O, müsahibələrinin birində “Kaş Ceyms də bu filmi izləyərdi“ deyib. Artıq hər ikisi həyatda yoxdur. Hant 15 iyun 1993-cü ildə, Lauda isə 20 may 2019-cu ildə vəfat edib.