AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XI turun "Qarabağ" - "Neftçi" oyununda baş verənlərlə bağlı tədbir görüb.
Sportnet.az xəbər verir ki, iki kluba ümumilikdə 29 500 manat cərimə kəsilib.
Noyabrın 9-da keçirilmiş qarşılaşmanın 90-cı dəqiqəsində “Qarabağ” azarkeşləri rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlanıb. Bu səbəbdən, Ağdam komandası 6 000 manat cərimələnib.
Bundan əvvəl - 84-cü dəqiqədə “Neftçi” fanatları meydançaya kənar əşya atıblar və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlanıb. Nəticədə paytaxt təmsilçisi 3 500 manat ödəməli olacaq.
"Ağ-qara" fanatlar eyni zamanda rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilər. Bu hal isə cari mövsümdə 3-cü dəfə təkrarlanıb. Beləliklə, “Neftçi” daha 7 000 manat cərimələnib.
Azarkeşlər "Azersun Arena"da oturacaqları sındıraraq, stadiona zərər vurublar. Bu isə qonaq komandaya daha 3 000 manat cərimə bahasına başa gəlib.
Oyun bitdikdən sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov hakimi təhqir edib. Nəticədə o, növbəti 4 oyunda texniki zonadan kənarlaşdırma, klubu isə 10 000 manat cərimə cəzasına məruz qalıb.





































































