AFFA İntizam Komitəsi II Lianın XXVII turunun “Kür-Araz” – “Araz Saatlı” oyunu ilə bağlı sərt qərarlar qəbul edib.
Sportnet.az xəbər verir ki, mayın 17-də keçirilən qarşılaşmada yaşanan insidentlərə görə hər iki klub ciddi şəkildə cəzalandırılıb.
Qərara əsasən, təşkilati-texniki öhdəliklərin pozulmasına görə “Kür-Araz” 100 manat cərimələnib. Təcili Tibbi Yardım avtomobilinin stadiona gec gəlməsi və matçın gec başlaması səbəbindən isə klub əlavə 200 manat cərimə olunub.
Oyunun 90+2-ci dəqiqəsində “Kür-Araz” azarkeşlərinin meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstərməsinə görə komanda növbəti mövsümdə ilk 5 ev oyununu azarkeşsiz keçirəcək. Təhlükəsizliyin tam təmin edilməməsi səbəbindən “Kür-Araz”a həmçinin 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bununla yanaşı, 90+1-ci dəqiqədə “Araz Saatlı” komandasının meydanı özbaşına tərk etməsinə görə bu kluba da 0:3 hesablı texniki məğlubiyyət verilib və kollektiv 2000 manat cərimələnib.
“Kür-Araz”ın futbolçuları da ağır cəzalar alıblar. Eltun Həsənli təcavüzkar davranışa görə qırmızı vərəqə aldıqdan sonra rəqibə qeyri-etik jestlər etdiyinə görə bütün turnirlər daxil olmaqla 8 oyunluq cəza alıb, klub isə 1000 manat cərimələnib.
Nihat Paşayev, Nicat Quliyev, İbrahim Əliyev və Museyib Vəlizadə rəqib futbolçuya qarşı aqressiv davranış və zərbə endirməyə görə 5 oyunluq diskvalifikasiya olunublar. Bu epizodlara görə “Kür-Araz” ümumilikdə daha 1200 manat cərimə ödəyəcək.
“Araz Saatlı”nın futbolçuları Ramiz Qasımov və Rüstəm Rüstəmov da təcavüzkar davranışa görə bütün turnirlər daxil olmaqla 8 oyun cəzalanıblar. Klub onların hər biri ilə bağlı 450 manat cərimə olunub.
Bundan başqa, “Araz Saatlı”nın təhlükəsizlik üzrə meneceri, cəzalı Xəyal Məmmədovun meydana daxil olaraq rəqib futbolçulara fiziki güc tətbiq etməsi səbəbindən o, 8 oyunluq cəza alıb, klub isə 800 manat cərimələnib.
“Araz Saatlı” komandasının 5 futbolçusunun sarı vərəqə almasına görə kluba əlavə 70 manat cərimə də tətbiq olunub.






































































