"Bizim üçün yaxşı sınaq idi. Bu gün sınaqdan keçirdiklərimi gördüm. Sözsüz ki, səhvlərə yol verdik, onlar üzərində işləyəcəyik. Amma komandam 90 dəqiqə boyunca yaxşı oyun sərgilədi. Son dəqiqələrdə yüz faizlik imkanlarımız var idi. Oyundan razı qaldım". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qazaxıstana 0:1 hesabı ilə uduzduqla yoldaşlıq görüşündən sonra deyib.
Prosineçki ilk dəqiqələrdə standart vəziyyətdən qol buraxdıqlarını xatırladaraq, oyun ərzində meydanda olan futbolçuların tam bacarıqlarını ortaya qoymadıqlarını vurğulayıb: "Hansı oyunçudan razı qaldığımı demək istəmirəm. Qol buraxdığımız epizodda oyunçularım dəqiq oynamadılar. Amma həm əsas heyətdə, həm də sonradan meydana çıxan oyunçular istədiyim kimi bacardıqlarını göstərə bilmədilər. Onların bundan da yaxşı oynadıqlarını bilirəm. Amma komandamdan razı qalmışam".
O, öz mövqeyində oynatmadığı Araz Abdullayevdən də razılıq ifadə edib: "Arazdan çox razı qaldım. Tapşırılan vəzifənin öhdəsindən gəldi. Müdafiəyə də kömək elədi. Hücumda da fəal idi. Ad çəkmək istəmirəm: kim pis, bu, yaxşı oyunçudur. Meydanda çıxış edən bütün futbolçularımdan, həmçinin Cavid Tağıyevdən də razı qaldım. İlk dəqiqələrdə standart vəziyyətdə diqqətli olmadıq. Qol buraxdıq. Sonradan bunu aradan qaldıra bilmədik. Məğlubiyyətə səsas səbəb bu oldu. Nəticədən sözsüz ki razı deyiləm. Səhvlərimiz var, bunları aradan qaldıracağıq. Bizi qarşıda çox iş gözləyir. "