
2015-ci ildə Bakıda keçiriləcək I Avropa
Oyunlarına indiyədək 150 milyon avro xərclənib. Bu barədə Türkiyədə səfərdə olan Azərbaycanın gənclər və idman naziri
Azad Rəhimov yerli jurnalistlərə açıqlama verib.
Rəhimov bildirib ki, Oyunlar üçün nəzərdə tutulan idman
qurğuları gələn il fevralın 1-dək tam hazır olacaq. Həmin gün 7300 nəfərlik
Olimpiya Kəndi və hazırda inşası davam edən 65 min nəfərlik Bakı Olimpiya
Stadionunun açılışı olacaq. Bundan sonra mayadək həmin qurğularda test
yarışları olacaq: "Arenalarımızla bağlı hər hansı problem yoxdur. Hər şey
qaydasındadır. Çalışmalar sürətlə davam edir.
Nazirin sözlərinə görə, Azərbaycan müstəqilliyini elan
etdikdən sonra ən böyük hədəfi dünyada tanınmaqdan ibarət olub: "Fikrimcə,
bunun ən gözəl və doğru yolu idmandır. İdman yarışları sayəsində bütün dünya
bizi tanıyacaq. Bu səbəbdən, həm dövlətimiz, həm də xalqımız Avropa Oyunlarını
son dərəcə önəmli tədbir sayaraq, hazırlıqlarını bu düşüncə ilə həyata keçirir.
Qeyd edək ki, Azad Rəhimov Türkiyənin İstanbul şəhərində
"Bakı-2015" Avropa Oyunlarının təqdimat mərasiminə qatılıb. (Report.az)