"5 günlük səfərimizin 1 günü Avropa Voleybol Konfederasiyasına aid idi".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov Niderlandın Arnhem şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) 43-cü Baş Assambleyası və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Konqresi barədə danışarkən deyib.
O FIVB və CEV-in yeni rəhbərliyi ilə yanaşı, Türkiyə Voleybol Federasiyasının və digər ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə də görüşdüklərini söyləyib: "Azərbaycanı belə tədbirlərdə təmsil etmək çox şərəflidir. Bu tədbirin ən müsbət tərəflərindən biri digər ölkələrin federasiyaları ilə əlaqələrimizin möhkəmləndirilməsi ilə bağlıdır. İdman aləmində bir çox federasiya rəhbərləri dəyişib və biz istəyirik ki, bunun üçün yeni əlaqələr quraq. CEV-in iclasında hesabatlar dinlənildi, maliyyə hesabatının müzakirəsi aparıldı və müəyyən yeniliklər barədə məlumatlar verildi. Bundan başqa, qaydalara müəyyən dəyişikliklər təklif edildi və onların səsverməsi keçirildi. Oradakı təkbətək görüşlərdə biz müxtəlif federasiyalarla yeni əlaqələrimizin inkişafı barədə də müzakirələr apardıq. Ukrayna, Gürcüstan, BƏƏ, Almaniya və Türkiyə ilə münasibətlərimiz var. Türkiyə Voleybol Federasiyasının nümayəndəsi ilə ölkələrimizdə voleybol idman məktəblərini inkişaf etdirmək baxımından qarşılıqlı razılığa gəlmişik".
Xəlilov Şərqi Avropa Zonal Assosiasiyasına (EEVZA) prezident seçkisində də iştirak etdiklərini xatırladıb: "EEVZA-nın əvvəlki rəhbəri Rusiya Voleybol Federasiyasının prezidenti idi. Amma məlum məsələlərə görə Rusiya və Belarus idman yarışlarından kənarlaşdırıldığı üçün həmin vəzifə boş qalmışdı. Bu vəzifə müvəqqəti olaraq Ukrayna Voleybol Federasiyasının prezidenti Mixaylo Melnikə həvalə olunmuşdu. Həmin tədbirdə onun səlahiyyətlərinin tamamilə qüvvəyə minməsi üçün seçkilər keçirildi və qalib olaraq EEVZA-nın yeni prezidenti oldu. Yeni rəhbərliyin regionda voleybolun inkişafına özünəməxsus baxışları var. Bununla yanaşı, bir neçə digər federasiya ilə əməkdaşlıq razılığına gəldik. Yalnız texniki detallar qalıb ki, hazırda onların da üzərində işləyirik".
AVF rəsmisi EEVZA prezidenti postuna özünün seçilə bilməməsini müəyyən maraqların toqquşması və siyasi məsələlərlə əlaqələndirib: "Bu seçkilərdə bütün voleybol ictimaiyyəti dünyanın əksər təşkilatları kimi, Ukraynaya dəstək şüarı ilə çıxış etdi. Çıxışlar zamanı mənim arqumentlərim Mixaylonun arqumentlərini üstələyirdi. Lakin o, Ukraynadan olduğuna görə seçicilər bu ölkənin nümayəndəsinə dəstək oldular. Qaydaya görə, zonal təşkilat həmin bölgələrdə voleybolun inkişafı üçün ən sərfəli şərtləri bu ölkələrə təqdim etməlidir. Həm hüquqi, həm də maliyyə təhsilim mənə kömək edirdi ki, bu işləri təşkilat rəhbəri olaraq həyata keçirim. Digər namizədin isə təşkilatçılıqla bağlı yox, hakimlik sahəsində təcrübəsi var. Düşünürəm ki, bu sahədə təcrübəm az olduğu üçün bu dəfə seçilmədim. Amma gələcəkdə yenidən namizədliyimi irəli sürəcəyəm. İnanıram ki, növbəti dəfə nəticə tam fərqli olacaq".
Xəlilov EEVZA-da Ermənistanla eyni zonada olduqlarını, bu səbəbdən, iki ölkənin bir-birinə rəqib olmasının çətinliyinə diqqət çəkib: "Ermənistan Voleybol Federasiyasının baş katibi bizimlə meydana çıxmaq istəmədikləri ilə bağlı məlumat vermişdi. Onlar bilirlər ki, bizdən zəifdirlər və bizə məğlub olsalar, bu, onların ölkəsində çox böyük tənqidlərlə qarşılanacaq. Buna görə də onlara bizimlə meydana çıxmağa icazə yoxdur. Eyni zamanda Ermənistana səfər edib, orada oyunlar keçirmək və onları Bakıya dəvət etmət də müəyyən çətinliklər yaradır. Əgər bu komandalar bir-biriləri ilə qarşılaşsalar neytral meydanda üz-üzə gələcəklər. Neytral meydan olaraq isə Gürcüstan təklif olunub".
Bundan başqa, iclasda Avropa və Qafqaz arasında uçuşların böyük maliyyə xərci tələb etməsi ilə bağlı da müzakirələr aparılıb. Baş katibin sözlərinə görə, təklif olunub ki, ölkələr zonalın içində müəyyən qruplara bölünsün və həmin ölkələrin ən güclüləri növbəti mərhələ üçün Avropadakı yarışlarda iştirak etsin: "Burada söhbət EEVZA-nın gənc komandalar arasında təşkil etdiyi müəyyən turnirlərdən gedir. İndi bu məsələlər müəyyən prosedurlar çərvivəsində razılaşdırılmalıdır".
Xəlilov bildirib ki, FIVB-in tədbirində klassik voleybol, çimərlik voleybolu və qar voleybolu barədə müzakirələr aparılıb. O, hazırda qar voleybolunun Azərbaycandan fərqli olaraq, dünyada inkişaf etdiyini diqqətə çatdırıb: "Hətta FİVB bu idman növünün Olimpiya proqramına daxil olması üçün Beynəlxalq Olimpiya Komitəsinə (IOC) müraciət edib. IOC bu idman növünü olimpiya növü kimi qəbul edərsə, biz olimpiadada artıq klassik voleybol, çimərlik voleybolu və qar voleybolunu da görə bilərik. Bu isə yəqin ki, Los Anceles-2028-dək təsdiqini tapacaq".
AVF rəsmisi Azərbaycanda son illər çimərlik voleyboluna marağın azalmasına da toxunub. Onun sözlərinə görə, çimərlik voleybolunu inkişaf etdirmək və nəticə qazanmaq klassik voleyboldan daha asan başa gəlir: "Bunun üçün biz qapalı məkanlar tapmalı, uzun müddətli turnirlər təşkil etməliyik. Çimərlik voleybolunu inkişaf etdirmək üçün ölkəmizdə hər cür şərait var. Bu yaxınlarda hətta Gənclər və İdman Nazirliyi ilə də danışıqlarımız olub. Nazirlik bu idman növünün inkişafı üçün tələb olunanları bizdən istədi. Artıq çimərlik voleybolu üzrə xaricdən yeni məşqçi də gəlib. Həmin mütəxəssislə görüşüb, müzakirələr aparacağıq. Çimərlik voleybolunu inkişaf etdirməkdən danışırıqsa, biz ölkə çempionatının formatını da dəyişməliyik. İki-üç günlük çempionatlar o qədər də səmərə vermir. Bu komandalar il ərzində oynamalı, məşq etməli və beynəlxalq turnirlərə qatılmalıdırlar".
Qar voleybolunun inkişafına gəldikdə, Xəlilov bunun üçün lazımı məkanların az sayda olmasına diqqət çəkib: "Bununla bağlı federasiya prezidenti Cavid Qurbanovla görüşüb, təkliflərimizi verəcəyik. Qar voleybolunun inkişafı bizə elə də asan başa gəlməyəcək. Burada avadanlıqların təchizatı, oyunçuların hazırlığı, idmançıların yeni qaydalarla tanış olması, təcrübəli məşqçilərin ölkəyə gətirilməsi və ölkədəki məşqçilərin bu idman növü ilə bağlı təlimatlandırılması məsələləri öz həllini tapmalıdır. Bu proses isə müəyyən vaxt aparır. Bu idman növünün ölkəmizdə inkişafı üçün həm CEV, həm də FİVB bizə dəstək olacaq. Bunun üçün həmin qurumlara rəsmi məktubla müraciət olunub. Onların təlimatçıları Azərbaycana gəlməli, siyahılar tərtib olunmalı və məkanlara baxış keçirilməlidir. Bakıda bu idman növünü inkişaf etdirmək çətindir. Biz bunun üçün Qusara və digər dağ ətəyi olan ərazilərə səfər edib, infrastrukturla tanış olmalıyıq. Lakin bu, bir günün işi deyil. Bu iş təkcə qarla bitmir. Orada hərtərəfli şərait və infastruktur yaratmaq lazımdır".
Baş katibin fikrincə, qar voleybolunun Azərbaycanda tətbiqində qeyri-mümkün və qeyri-adi bir şey yoxdur: "Çox asan konstruksiyalı meydançalardır. İstəsək, Dənizkənarı Bulvarda və ya şəhərin lap mərkəzində quraşdıra bilərik və hər kəsin bu voleybol bayramına qatılması mümkündür. İstər həvəskarlar, istərsə də peşəkarlar meydana çıxıb oynayarlar. Çox gözəl tədbir idi və inanıram ki, yaxın gələcəkdə biz də bunu təşkil edə bilərik. Ən azı fikrimdə var ki, 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə edə bilərik".