"Ağır qrupda idik. 4 qələbə və cəmi 1 heç-heçəsi olan komandaya qarşı oynayacağıq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov evdə Fransa yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, Parisdəki ağır oyunda komanda üzvlərinin mübarizəsi ilk 70 dəqiqə ərzində daha yaxşı olub: "Oyunun sonlarında rəqibin üzərimizə daha çox gələcəyini bilirdik. Elə də alındı. Əvəzləmələrdən sonra daha çətin oldu".
O, qrupdakı bütün rəqiblərin Fransa ilə oyunlarda çətinlik çəkdiklərini xatırladıb: "İslandiya ilə səfər və evdəki oyunlar arasında çox fərq var idi. Bilmirəm, "müdafiə futbolu", "avtobus" deyərək, bunları nəyə görə çox qabardırıq. İslandiya ilə matç ən çox hücum etdiyimiz qarşılaşma idi. Statistika da bunu deyir. Qol epizodlarına da girmişdik. Əvvəllər bir-iki qol yarada bilirdiksə və buna sevinirdiksə, son matçımızda 6 real qol epizodumuz oldu. Danışmaq asandır, biz də hücum etmək istəyirik. Lakin rəqibdən çox şey asılıdır. İmkan verəcəklər, verməyəcəklər, bilmirik. Əsas odur ki, sabah mübarizə aparaq. Futbolda yalnız hücum deyilən bir şey yoxdur. Müasir futbola, Çempionlar Liqasında oynayan komandalara baxsaq, həm hücum edir, həm də müdafiə olunurlar. Yəni, bu gün futbol belə kompleksləşib. Təəssüf ki, biz yalnız hücumu fikirləşirik, amma öz reallığımızı qəbul etmək istəmirik. Bu, geniş mövzudur, özümüzə məxsus yanaşmamız olacaq. Rəqibi nəzərə alırıq. Çalışacağıq ki, hücum edək".
Abbasov əlavə edib ki, Fransanın heyətində dəyişikliklər ola bilər: "Bilirik ki, Fransa artıq dünya çempionatına vəsiqəni təmin edib. Rəqib komandada yeni oyunçulara şans verilməsi mümkündür. Lakin onlar da Avropanın böyük klublarında oynayırlar. Rəqibin gənc futbolçularının olması bizə daha çox çətinlik yarada bilər. Çünki onlar özlərini göstərməyə çalışacaqlar. Meydançada kimin oynamasından asılı olmayaraq, eyni mübarizəni aparacağıq. Rəqib isə növbəti mərhələni təmin etsə də, etməsə də oyunlara daim qələbə üçün çıxır. Motivasiyamız böyük komandalara qarşı mübarizə aparmaq, xalımızın üstünə xal gətirməkdir. Futbolçularım belə oyunlarda bərkləşirlər. Bu, böyük oyundur. Belə oyunlarda mübarizə aparmaq gələcəkdə işimizi asanlaşdıra bilər".
Baş məşqçi heyətdəki itkilərdən də bəhs edib: "Onları bu oyunlarda görmək istərdik. Təəssüf ki, dünən Toral Bayramovun da zədəli olduğu üzə çıxdı. Bayramovda birinci dərəcəli əzələ dartılması var. Yəqin ki, 5-6 gün bərpa dövrü keçməlidir. Amma onların əvəzinə oynayacaq futbolçularımıza inanırıq. Son matçımızda azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçularımız yaxşı mübarizə aparacaqlar. Çünki belə bir komanda ilə mübarizə aparmağın özü gələcəyimiz üçün yaxşı ola bilər".
O, sol cinah müdafiəçilərinin zədələnmələrinin komandanı çətin duruma saldığını etiraf edib: "İslandiya ilə görüş Rüfət Abbasovun millidə ilk oyunu idi. Bu gün gənclərə də şans verməliyik. Onları görünüş üçün çağırmırıq. Çağırırıqsa, onlara güvənirik. Xəyal Əliyev də pis təsir bağışlamadı. Sabah dəyişiklik ola bilər. Bu gün də futbolçuların durumuna baxacağıq. İslandiya ilə oyunda ağır yük altında olublar. Bu axşam heyətlə bağlı qərar verəcəyik".
Mütəxəssis Şahrudin Məhəmmədəliyevin millidə əsas qapıçı olduğunu etiraf edib: "Şahrudinin İslandiyaya qarşı oynamaması bizim üçün böyük itki idi. Onun yoxluğunda Aydın Bayramov işinin öhdəsindən gəlməyə çalışdı. Sabah qapıda Şahrudini görəcəyik".
Abbasov bütün görüşlərdə xal qazanmaq istəklərini dilə gətirib: "Müasir futbolda gözlənilməz nəticələr olur. Niyə də yox?! Reallıq deyirik, amma inanın ki, futbolçular da inanırlar, xal qazanmağı çox istəyirlər. İslandiya ilə oyunda qələbəyə çox köklənmişdik. Amma reallıq da budur ki, qrupdan həm İslandiya, həm də Ukraynanın pley-offa çıxma şansı var. Bəzi qruplarda xal qazanma sarıdan daha zəif komandalar olur. Bu qrup isə çox möhkəm idi. Ona görə də sabah nəticəyə inanacağıq. İnam olmasa, bu işi görməyə dəyməz".
Baş məşqçi böyük komandalarla oyunlarda azarkeş sayında fərqin olduğunu bildiklərini və sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Azarkeşlər də İslandiya ilə matçdakı kimi, dəstək olacaqlar. Təki onları sevindirək".
O, "Turan Tovuz"un məşqçisi Yunis Hüseynovun fikirlərinə münasibət bildirmək istəməyib: "Gəlin, belə mövzulara bu oyundan qabaq toxunmayaq. Buradayamsa, bütün klublar mənim üçün eynidir. Hər bir klubun məşqçilərinə hörmətlə yanaşıram və heç birinə hörmətsizlik etməmişəm".
Baş məşqçi idman direktoru İlqar Qurbanovun oyunlar zamanı texniki zonada oturmasını normal hal adlandırıb: "Bütün dünyada idman direktorları texniki zonada otururlar. Təəssüf edirəm ki, biz nəyə görəsə nələrisə axtarırıq. Baxsaq, İlqar Qurbanovdan əvvəl də başqa idman direktorları orada oturub. Mənim, onun və köməkçi-məşqçilərin işləri fərqlidir. Bu, sırf peşəkar yanaşmadır".
Abbasov milli komanda üçün materiallarının olduğunu, lakin tam formada olmadığını vurğulayıb: "Bunun səbəbləri bəllidir. Futbolçularımız istədiyimiz formada olsalar, zədəli olmasalar, məncə, Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Lakin bu yarışadək vaxtımız var. O vaxtadək futbolçular formada olmalıdır. Formada olmaq üçün isə oynamaq lazımdır. Bu gün gerçək danışsaq, futbolçu milliyə hazır gəlməlidir. 3-4 günə onu hazırlamaq olmur. Eyni zamanda seçim imkanımız olmalıdır. Futbolçular klublarında daimi oynamalı, limitdən asılı olmayaraq, klublarında mübarizəni udmalıdırlar. 4 hücumçumuzun hamısı formada olsa, bizim üçün də rahat olacaq. Eyni zamanda seçim, rotasiya edə bilərik. Millimizin potensialı var, lakin tam formada deyilik".







































































