Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində son oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan yığma Bakıda Fransanı qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 4-cü dəqiqədə Azərbaycan millisinin futbolçusu Renat Dadaşov açıb. 26 yaşlı hücumçu Rəhman Daşdəmirovun cinahdan rəqib qapısı qarşısına dəqiq zərbə ilə tamamlayıb.
Lakin qonaqlar tezliklə dönüş etməyi bacarıblar. Jan-Filipp Mateta 17-ci, Manes Akliuş 30-cu dəqiqədə Azərbaycan millisinin qapısı qarşısına ötürülən topları qapıdan keçiriblər. Bu epizodlarda səhvlərlə yadda qalan Şahrudin Məhəmmədəliyev 45-ci dəqiqədə özü topu qapıya göndərərək, avtoqol müəllifi olub.
İlk yarıda latviyalı baş hakim Andris Treymanis Fransa millisinin 2 qolunu əllə oyun səbəbindən saymayıb.
İkinci hissədə isə tərəflərdən heç biri fərqlənə bilməyib. Əvəzində Mustafa Əhmədzadə meydançaya daxil olaraq, Azərbaycan yığmasında debüt edib.
Beləliklə, daha əvvəl DÇ-2026-ya vəsiqəni təmin etmiş Fransa xalını 16-ya çatdırıb, Azərbaycan isə D qrupunu 1 xalla tamamlayıb. 2-ci yeri İslandiyaya 2:0 hesabı ilə qalib gələrək, xalını 10-a yüksəldən Ukrayna tutub. Sergey Rebrovun baş məşqçi olduğu kollektiv pley-offa vəsiqə qazanıb. 7 xala malik İslandiya isə 3-cü yeri tutub və Azərbaycanla birlikdə qrupda qalıb.
DÇ-2026, seçmə mərhələ
D qrupu
16 noyabr
Azərbaycan – Fransa - 1:3
Qollar: Renat Dadaşov, 4 - Jan-Filipp Mateta, 17; Manes Akliuş, 30; Şahrudin Məhəmmədəliyev, 45 (avtoqol)
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev (12. Aydın Bayramov, 46), 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 20. Abdulla Xaybullayev, 8. Emin Mahmudov (k) (6. Səbuhi Abdullazadə, 66), 11. Xəyal Əliyev (19. Mustafa Əhmədzadə, 87), 16. Ceyhun Nuriyev (10. Nəriman Axundzadə, 46), 9. Renat Dadaşov (13. Abbas Hüseynov, 75)
Ehtiyat oyunçular: 23. Səlahət Ağayev, 3. Rüfət Abbasov, 7. Anatoli Nuriyev, 15. Bədavi Hüseynov, 17. Rüfət Abdullazadə, 18. Cəlal Hüseynov
Baş məşqçi: Ayxan Abbasov
Fransa: 23. Luka Şevalve, 15. İbrahima Konate, 21. Lukas Ernandes, 22. Teo Ernandes, 2. Malo Qyusto, 6. Kefren Türam, 18. Uorren Zair-Emeri, 12. Manes Akliuş (8. Florian Tovin, 62), 19. Jan-Filipp Mateta (20. Bradli Barkola, 79), 7. Kristofer Nkunku (14. Rayan Şerki, 62), 9. Uqo Ekitike
Ehtiyat oyunçular: 1. Bris Samba, 16. Mayk Menyan, 3. Luka Din, 4. Dayo Upamekano, 5. Jül Kunde, 11. Maykl Olise, 13. Nqolo Kante, 17. Vilyam Saliba
Baş məşqçi: Didye Deşam
------------------------
Bu gün Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsində son oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Fransanı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq.
D qrupunda 5 turdan sonra Fransa 13 xalla 1-ci yeri təmin edərək, DÇ-2026-ya birbaşa vəsiqəni təmin edib. Azərbaycan isə 1 xalla sonuncu olaraq qalacaq.
Ona görə də bu matç formal xarakter daşıdığından, Fransa yığması Bakıya kapitanı və ən məhsuldar hücumçusu Kilian Mbappesiz gəlib.
Azərbaycan millisində isə Toral Bayramov zədə, Rüstəm Əhmədzadə cəza üzündən oynamayacaq. Əvəzində İslandiya ilə ötən oyunu diskvalifikasiya səbəbindən buraxmış qapıçı Şahrudin Məhəmmədəliyev millinin əsas qapıçısı kimi meydançaya çıxacaq.
DÇ-2026, seçmə mərhələ
21:00. Azərbaycan - Fransa - 1:3
Qol: Renat Dadaşov, 4 - Jan-Filipp Mateta, 17. Manes Akliuş, 30, Şahrudin Məhəmmədəliyev, 45 (öz qapısına)
Baş hakim: Andris Treymanis
Baş hakimin köməkçiləri: Haralds Gudermanis, Aleksey Spasennikovs
Dördüncü hakim: Vitalis Spasyonnikovs
(Hamısı Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, bu komandalar arasında Parisdə keçirilmiş görüş Fransanın qələbəsi ilə yekunlaşıb.