
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Braziliyada keçirilən dünya çempionatındakı işini başa vurub. Sportnet.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, ABŞ millisinin məsləhətçisi missiyasını, bu yığma DÇ-2014-ün 1/8 finalında məğlub olduqdan sonra bitirən almaniyalı mütəxəssis, fəaliyyətini "kömək" adlandırıb.
Belçikadan əlavə vaxtda alınan 1:2 hesablı məğlubiyyətdən sonra mundialla vidalaşan yığmanın məsləhətçisi nəticənin ədalətli olduğunu etiraf edib. O, ABŞ-ın yalnız son dəqiqələrdə üstün oynadıqlarını bildirib: "Bu, iş yox, bir kömək idi. Belçikanın cütlüyün qalibi olaraq, 1/4 finala yüksəlməsi tam qanunauyğundur. ABŞ millisinə bütün hörmətimə baxmayaraq, Belçika yığmasının hücum xətti daha kəsərli idi".
Sonda millimizin baş məqşçisi ABŞ yığmasının öyrənməyə meylli olduğunu da qabardıb: "Onlar inkişaf etmək istəyirlər. Taktika və futbol tarixindən xeyli sualları var. Onlar futboldan böyük zövq alırlar".