
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” klubu və “Qarabağ” arasında keçirilən görüşün Şimali Makedoniyadan yayımlanmamasına aydınlıq gətirilib.
CBC Sport-un baş redaktoru Şəmsəddin Abbasovun Sportnet.az-a verdiyi məlumata görə, səbəb Skopyedəki “Todor Proeski” stadionunda baş verən texniki problem olub.
Abbasov bildirib ki, bəri başdan sifariş verilib və ödəniş olunmasına baxmayaraq, son anda onlardan asılı olmayan səbəblər üzündən stadiondan canlı yayım baş tutmayıb:
“Matçın yerindən şərh edilməsi üçün Skopyedəki “Todor Proeski” stadionuna şərhçi göndərmişdik. Görüşün startına 1 saat qalmış Şimali Makedoniya tərəfi bizə bildirdi ki, texniki problemlər yaşanıb, problemi aradan qaldırmağa çalışırlar. Biz də ehtiyat planı olaraq, Bakıdakı studiyada şərhçi Ramiz Mirzəzadəni yerləşdirdik. Ona görə ki, səfərə yollanan əməkdaşımız Mutafa Kamalın yaşadığı problem həll olunmasa, oyun Bakıdan şərh edilsin. Heyf ki, matçın yerindən şərhi alınmadı. Hətta oyunun ikinci hissəsinin əvvəlində yenidən “Şkendiya” tərəfinə müraciət etdik, onlar isə yenidən yoxlama aparmalı oldular. Amma göründüyü kimi, bu işin öhdəsindən gələ bilmədilər”.
CBC Sport rəsmisi bildirib ki, bir həftə sonra “Tofiq Bəhramov” stadionunda baş tutacaq cavab görüşündə bu cür hallar baş verməyəcək:
“Açığı, həm şərhçinin işinin təmin olunması, həm də yayım keyfiyyəti bizi narazı saldı. Təəssüf ki, bundan başqa gücümüz çatmadı. Çünki səfər oyunlarında yalnız klubla əməkdaşlıq edən yerli telekanal məsuliyyət daşıyır. Deyə bilərik ki, Bakıda keçiriləcək cavab oyununda heç bir problem yaşanmayacaq. Peşəkar heyətimiz bu işin öhdəsindən həmişə olduğu kimi layiqincə gələcək. Amma səfər görüşlərində yaşanan bu problemə görə, biz də tamaşaçılar kimi məyus olduq”.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şkendiya” oyunu saat 20:00-da başlayacaq.