Formula 1 üzrə "Haas" komandasının pilotu Romain Qrosjan Bakı Şəhər Halqası ilə fikirlərini bölüşüb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Bakı Şəhər Halqasının quruluşu haqqında nə düşünürsünüz? Komandanın simulyatorunda onu artıq sınaqdan keçirmisinizmi?
- Simulyatorda bu treki artıq sınaqdan keçirmişəm. Bu trek çox uzun düzlüklərdən, doxsan dərəcəlik bucağa malik döngələrdən, daha sonra isə qalaya doğru yaxınlaşan hissədə dar keçiddən ibarətdir. Yarışı səbirsizliklə gözləyirəm. Trek, həqiqətən də, çox mənzərəli görünür.
- Bakı və Azərbaycan haqqında hansı məlumatlara maliksiniz?
- Təkcə onu bilirəm ki, mənim ən yaxın dostlarımdan birinin - baş aşpaz Akranın Bakıda "Atelier Vivanda" adlı restoranı var. Biz yarış keçirilən həftəsonu ərzində mütləq steykin dadına baxacayıq!
- Builki mövsümdə öz iştirakınız barədə nə deyə bilərsiniz?
- Mövsümün başlanğıcı kifayət qədər maraqlı oldu. Avstraliya və Bəhreyn yarışlarından sonra müəyyən çətinliklərlə üzləşdik, lakin buna baxmayaraq, biz öyrənməyə və inkişaf etməyə davam edirik. Komandamızda hər kəs böyük əzmlə çalışır, ona görə də qarşıdakı yarışlarda daha yaxşı göstəricilərə nail olacağımızdan əminəm.
- Yeni ölkəyə və ya yeni trekə gəldikdən sonra ilk olaraq nə edirsiniz?
- Əslində, yeni ölkəyə yarışmağa gəlmək hər zaman çətindir, çünki hava limanına çatdıqdan sonra dərhal otelə, daha sonra isə, bir qayda olaraq, birbaşa trekə yollanırıq. Həftənin cümə axşamı günü media üçün tədbir, cümədən bazar gününədək trekdə sessiyalar nəzərdə tutulduğu üçün ətrafla tanış olmaq imkanımız olmur. Ümid edirəm ki, qrafikimiz sıx olsa da, Bakını görməyə vaxt tapacam.
- Əgər bir Formula 1 maşını, bir komanda yoldaşı və erası seçməli olsanız, hansıları seçərdiniz?
- Mən Formula 1 erasının 1990-cı illərin ortasında olan mövsümlərini daha çox xoşlayıram. Həmin dövrün Williams bolidləri ən çox sevdiyim maşınlar idi. Komanda yoldaşına gəldiksə isə, yəqin ki, Jül Byankini seçərdim.
- Yarışsız həyatınızı necə təsəvvür edirsiniz?
- Yarışlar olmasa, yəqin ki, aerodinamika mühəndisi olardım.
- Bu il ərzində oxuduğunuz son kitab hansı olub?
- Mütaliə etdiyim sonuncu kitab Aki Hintsanın "Qələbənin Anatomiyası" kitabıdır.
- İlk üçlükdə olan ən son musiqi albomlarının adını çəkə bilərsinizmi?
- Mənim aldığım son musiqi albomları Lukas Qraham və Castin Biberin diskləri olub.
- Baxmaq istədiyiniz film hansıdır?
- Səfərdə olarkən, adətən, təyyarədə bir çox filmləri izləyirəm, odur ki, adlarını çəksəm, siyahı uzun olar.
- Aşağıdakı şəxsləri/anlayışları üç sözlə təsvir edin:
1. Esteban Qutierez – "meksikalı, gənc, sürətli"
2. Berni Ekklstoun – "ağıllı, məzəli, Formula 1"
3. Fernando Alonso – "Təcrübəli! Həmçinin, onun ad günü mənim oğlumla eyni günə təsadüf edir və eyni zamanda, o, çox sürətli yarışçıdır".
4. Formula 1 – "cazibədar, sürətli, çətin"
5. 2016-cı il Avropa Qran Prisi – "yeni, maraqlı, gözlənilməz"
- Azərbaycandakı azarkeşlərinizə nə demək istərdiniz?
- Mən ilk dəfə Bakıya səfər edəcəyimə və bu ölkə ilə tanış olacağıma görə çox şadam. Belə fərqli quruluşa malik bir trekdə yaxşı yarış nümayiş etdirəcəyimə ümid bəsləyirəm.