Bu gün Bakı İdman Sarayında Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi çərçivəsində növbəti tədbir keçirilib.
Sportnet.az xəbər verir ki, mərasimda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, veteran futbolçu İsgəndər Cavadov, məşhur karateçi Rafael Ağayev və digər şəxslər iştirak edib.
Tədbir gənc gimnastların çıxışı ilə başlanıb. Sonra Azərbaycan Gimnastika Federasiyası və ikiqat olimpiya çempionu Nadia Komaneçinin birgə dərsləri baş tutub. Ardınca tanınmış idmançılar və əqli imkanları məhdud gənclər arasında kiçik futbol turniri baş tutub.
Turnirdə üç komanda - Azərbaycan, Avropa Xüsusi Olimpiya Hərəkatı və Dünya kollektivləri yarışıblar. Heyətində Fərid Mansurov, Rafael Ağayev və Namiq Abdullayev kimi tanınmış idmançıların yer aldığı Azərbaycan komandası hər iki rəqibi məğlub edib. Lakin mükafatlandırma mərasimində qonaqpərvərlik əlamati olaraq qızıl medallar Dünya komandasına verilib. Azərbaycan komandası isə bürünc medallarla təltif edilib.
Turnirdən sonra fikirlərini bölüşən R.Ağayev bildirib ki, futbol karatedən sonra ən sevdiyi idman növüdür: "Gənclərimizi və bütün uşaqları sevindirdik. Mənim üçün gənclərlə birlikdə futbol oynamaq, deyib-gülmək və əylənmək böyük şərəfdir. Qələbə qazandıq. Bu tək bizim qələbəmiz deyil. Hamımızın qələbəsidir. Həmişə çalışmışıq ki, sadə və başımız yuxarı olsun, bayrağımızı qaldıraq və yarışlarda qələbə qazanaq. Əvvəllər də futbol oynamışam. Fubol mənim karatedən sonra ən sevdiyim idman növüdür. Zədəli olsam da, oynadım. Medalın pis- yaxşısı olmur. Əsas odur ki, kürsüdə olasan. Azarkeşlərin mənim adıma şüarlar səsləndirməyinə şad oldum. Xalqımın mənə qarşı olan sevgisini burda da gördüm. Neçə illərdir ki, karatedəyəm. Belə heyəcanlı olmamışam. Bu tədbiri təşkil edənlərə təşəkkür edirəm”.
N.Abdullayev isə bu cür tədbirlərin bütün dünyaya bir mesaj olduğunu söyləyib: "İmkan olduqca futbol oynayırıq. Fiziki hazırlığımız bu idman növündə işə yarayır. Sevindirici aldır ki, belə bir tədbir keçirilir. Əqli imkanları məhdud gənclərlə bir arada olmaq, futbol oynamaq çox gözəldir. Bu həm də dünyaya bir mesajdır”.