
"Formula 1" üzrə dünya çempionatında mübarizə aparan "Renault" komandasının sabiq icraçı direktoru Karlos Qon gizlicə Yaponiyanı tərk edib.
Sportnet.az-ın məlumatına görə, Qon 2018-ci ilin noyabrından korrupsiya və maliyyə cinayətləri şübhələri ilə nəzarət altında olub. Sonradan isə o, ölkəni tərk etməməsi barədə iltizam alınmaqla girov müqabilində azadlığa çıxıb. Vəkillər bildirib ki, keçmiş icraçı direktor bütün pasportlarını təhvil verdiyi üçün qaça bilməz. Lakin Qonun özü Livanda olduğuna dair açıqlama verib. KİV onun musiqi alətləri üçün futlyarda gizlənərək və ölkə aeroportlarından birində çarter reysli təyyarədən yararlanaraq, Yaponiya ərazisini tərk etdiyini yazıb. Daha əvvəl isə "Renault"un eks-funksionerinin saxta sənədlərlə qaçdığı iddia olunurdu.
Qon Livanda onu da bildirib ki, ədalət məhkəməsindən yox, ədalətsizlikdən və siyasi təqiblərdən qaçıb.