2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Sportnet.az-ın məlumatına görə, bu vəzifə tanınmış idman jurnalisti Elşən Məmmədova həvalə edilib. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.
E.Məmmədov məlumatı təsdiqləyərək, etimadı doğrultmaq üçün can-başla çalışacağını söyləyib.
Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb, "Tərəqqi" medalı ilə təltif olunub.
E.Məmmədov eyni zamanda, İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi, ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.
O, həmçinin, "Sportnet.az" saytının da rəhbəridir.