
Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, son yarış günündə Azərbaycanın 4 çəkidə güləşçiləri medallar uğrunda mübarizə aparıb.
Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Ulukman Jekşenkulov (7:2) üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal qazanıb.
Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlı Danraj Jamnikə 4:7 hesabıyla məğlub olub.
Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlı Koba Qoquadzeyə 12:10 hesabıyla qalib gəlsə də, ikinci təsəlliverici görüşdə özbəkistanlı Farruxbek Jumanazarova "tuş"la uduzub.
Səid Paşayev (92 kq) təsəlliverici görüşdə ukraynalı Samir İbişovdan güclü olub - 2:0. Avropa çempionu bürünc medal uğrunda qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl, 3 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.
Qeyd edək ki, Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədə qərarlaşıb və ilk “3-lüy”ü qapayan Qazaxıstandan cəmi 1 xal geri qalıb. ABŞ 154 xalla dünya çempionu olubsa, İran 150 xalla ikinci yeri tutub.