Yanvarın 14-də startı verilən hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir. Baş məşqçi Məhəmməd Bəna toplanışın gedişi, qarşıdakı yarışlar və planlarla bağlı açıqlama verib:
“Toplanışımızın ilk mərhələsi tanışlıq, sonra isə planlaşdırmadır. Aprelin 20-də keçiriləcək Avropa çempionatına qədər olan dövr bizim hazırlığımızın birinci mərhələsidir və bu aralıqda müxtəlif yarışlar var. Albaniyadakı reytinq turniri, U23 Avropa çempionatı və nəhayət, aprelin 20-də başlayacaq böyüklər arası Avropa çempionatı".
Sportnet.az-ın məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Məhəmməd Bəna Göygöl toplanışını dəyərləndirərkən deyib.
İranlı mütəxəssis bildirib ki, yarışlaradək 5-6 təlim-məşq toplanışı planlaşdırılır, ondan sonra da müxtəlif yarışlar və toplanışlar olacaq: "Dünya çempionatına qədər ən yüksək formaya çatacağıq. İndi işin başlanğıcıdır və bu, daha çox məşqçilər heyəti ilə güləşçilərin bir-birini tanıması üçündür. Nəticə etibarilə məşq prosesimiz hazırlıq səviyyəsinin günbəgün artmasına yönəlib ki, inşallah, müxtəlif yarışlara tam hazır olaq".
Bənanın fikrincə, Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir: "Bu komandanın baş məşqçisi vəzifəsini qəbul etmək mənim üçün bir fəxrdir. Uzun illərdir Azərbaycan güləşi ilə tanışam. Azərbaycanlı idmançılar hər zaman yüksək texniki keyfiyyətə malik olublar, lakin bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir. Fiziki və texniki hazırlıq yaxşıdır, amma bəzi incə detallar var. Psixoloji hazırlığı da əlavə etsək, bu 3 hazırlıq möhkəm bir zəncir təşkil etməlidir ki, məşqçilər heyəti, federasiya rəhbərliyi və güləşçilər bir komanda kimi müxtəlif yarışlarda uğur qazansınlar".
Baş məşqçi 2026-cı ildəki hədəflərdən də danışıb: "İştirak edəcəyimiz ilk yarış Albaniyadakı reytinq turniridir. Orada ölkə çempionatında iştirak edənlərdən təxminən 20-dən çox güləşçi mübarizə aparacaq. Daha sonra il ərzində digər yarışlarda iştirak edəcəyik. Bu il üçün hədəflərimizi iki mərhələyə bölmüşük. Hazırda tanışlıq və hazırlıqdan başlayırıq. Avropa çempionatı bizim üçün hazırlığın nisbətən aşağı pik nöqtəsi olacaq. Dünya çempionatında isə əsas pik formaya çatacağıq ki, hamımız birlikdə Azərbaycan güləşi üçün böyük uğurlar qazanacağıq”.

















































































