Gənclər və İdman Nazirliyi may ayı üçün idmançıların reytinq cədvəlini açıqlayıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk iki pillə dəyişməz qalıb. Həsrət Cəfərov 480 xalla birinci pillədə yer alıb. İkinci yerdə olan Giorgi Meşvildişvili də 460 xalla mövqeyini qoruyub.
Əsas dəyişikliklər üçüncü pillədən etibarən müşahidə olunub. Apreldə 8-ci olan Arseniy Djiyev mayda 3-cü yerə yüksəlib və xalını 320-dən 420-yə çatdırıb. Zelim Kotsoyev isə əksinə, 3-cü pillədən 4-cü yerə geriləyib və xalı azalıb (440-dan 390-a).
Ülvü Qənizadə ən ciddi geriləmə yaşayan idmançılardan olub. O, 4-cü yerdən 9-cu pilləyə düşərək xalını 400-dən 300-ə endirib. Zelim Tçkayev də bir pillə geriləyərək 7-cidən 8-ci yerə enib.
May siyahısında yeni adlar da yer alıb. Səidcəmşid Cəfərov 350 xalla 6-cı pilləyə yüksəlib, Nürəddin Novruzov isə 270 xalla ilk onluğu tamamlayıb.
Eyni zamanda, apreldə siyahıda yer alan Osman Nurmaqomedov və Eldəniz Əzizli may reytinqində ilk onluqda yer almayıblar.










































































