Gürcüstanın paytaxtı Tbilisidə keçirilən uşu üzrə Avropa çempionatında xoşagəlməz hadisə baş verib.
Sportnet.az "Report”a istinadən xəbər verir ki, Ermənistan idmançısı Türkiyədən olan gənc qız Aysel Almaçıya məğlub olduqdan sonra qalmaqal yaradıb. Məğlubiyyəti ilə barışmayan erməni qadın idman sarayının qapılarının şüşələrini sındırıb. Bu da saray rəhbərliyinin kəskin etirazına səbəb olub. Erməni məşqçi idmançının bu hərəkətinə görə üzr istəyib və yetirməsini təhqir edərək hadisə yerindən uzaqlaşdırıb.
Aysel Almaçı jurnalistlərə müsahibəsində deyib: "Ermənistandan olan rəqibimlə görüşdən əvvəl çox həyəcanlı idim. Tatami üzərinə çıxanda türk və azərbaycanlı qardaşlarımın təbriklərini və qələbəyə səsləyən çağırışlarını eşitdim. Bu məni daha da ruhlandırdı və döyüşdə dönüş yaratmağa nail oldum. Məndən canlı olsa da, ona qalib gəldim. Mənə göstərdikləri dəstəyə görə bütün azarkeşlərimə minnətdaram”.
A.Almaçı erməninin bu davranışını utandırıcı, idmançıya yaraşmayan, heç bir etikaya sığmayan hərəkət adlandırıb.
Qeyd edək ki, Ermənistan təmsilçisinin qeyri-etik davranışı, Belarus, Rusiya, Ukrayna və digər ölkələrdən olan idmançıların və məşqçilərin də narazılığına səbəb olub. Onlar idmançıdan üzr istəməyi tələb ediblər.