"Fəridə Əzizovanın uduzmasına çox pis oldum. Ona uğurlar arzulayıram. Mənim ilk döyüşümdə isə hələ bədən tam açılmamışdı və bir az çətin alındı".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəldiyi görüşdən sonra deyib.
80 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibin bəzi səvhlərə yol verdiyini bildirib: "Ümid edirəm ki, növbəti qarşılaşmalarım bundan yaxşı olacaq".
Hərçəqani növbəti raunddakı potensial rəqiblərini tanıdığını sözlərinə əlavə edib: "Özbəkistanlı idmançı ilə iki dəfə görüşmüşəm. Birində qalib gəlsəm də, digərində məğlub olmuşam".
Qeyd edək ki, Milad Beigi Hərçəqani 1/4 final mərhələsində Nikita Rafaloviç (Özbəkistan) - Hernandes Moises (Dominikan Respublikası) cütünün qalibi ilə üz-üzə gələcək.