
Taekvondo üzrə İnsbrukda keçirilən açıq Avstriya çempionatında Azərbaycan millisi 1 qızıl və 1 bürünc medal qazanıb.
Böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında G1 kateqoriyalı beynəlxalq yarışda Cavad Ağayev (74 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
1/32 finaldan mübarizəyə başlayan dünya çempionatının mükafatçısı ardıcıl olaraq Ukrayna, Almaniya, Xorvatiya və Qazaxıstan idmançılarını məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə də qazaxıstanlı taekvondoçuya qalib gələrək, qızıl medala yiyələnib.
Taleh Süleymanov (87 kq) isə reytinqinə görə ilk mərhələdən azad olduğu üçün mübarizəyə 1/8 finalda Polşa təmsilçisi ilə başlayıb. İnamlı qələbə qazanan Süleymanov daha sonra Qazaxıstan idmançısından da güclü olub. O, yarımfinalda xorvatiyalı taekvondoçu ilə döyüşdə uduzaraq, bürünc medala sahib olub.