“Azərbaycanın cüdo, gimnastika və güləş yığmalarının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğurlu çıxış edəcəklərinə inanıram”.
Sportnet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib.
O, Paris-2024 Yay Olimpiya Oyunlarında adları sadalanan idman növlərində Azərbaycandan nailiyyətlər gözlədiyini bildirib: “Azərbaycanda cüdo və gimnastika federasiyalarının nümayəndələri ilə görüşüm olub. Burada həmin növlərdə güclü, bacarıqlı idmançılarının olduğunu bilirəm. Ölkənizdə kifayət qədər məşhur olan bir idman növünü də qeyd edə bilərəm ki, bu, güləşdir. Azərbaycanda çox güclü güləşçilər var”.
Səfir Ann Buayon Azərbaycanla Fransa arasında bəzi sahələrdə sıx əməkdaşlıq olduğunu xatırladıb: “Milli təhsil, ali təhsil və idman sahəsində Azərbaycanla Fransa arasında əməkdaşlıq əvvəldən var. Bu mənada Azərbaycan idmançılarının Fransadakı müsabiqələrdə iştirakı bizim üçün önəmli məsələlərdən biridir. Azərbaycanın abilimpiya yığması da martda Mets şəhərində X Beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək. Azərbaycanda bu sahə üzrə gənclər inkişaf etməyə başlayıblar. Milli Paralimpiya Komitəsinin bu mənada işini xüsusi vurğulamalıyam. Fransada da bu sahələr üzrə bizim prioritetlərimiz var və birgə əməkdaşlığımızı davam etdirəcəyik”.
Qeyd edək ki, Ann Buayon 2022-ci il noyabrın 9-dan Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərir.