"Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına geniş müsahibəsində baş məşqçisi Qurban Qurbanov haqda danışıb.
Sportnet.az xəbər verir ki, 24 yaşlı qolkiper heç vaxt belə xarakterli məşqçiyə rast gəlmədiyini bildirib.
Onun sözlərinə görə, mütəxəssis ciddi bir şey olmadığı halda oyunçularla çox danışmır: "Onunla işləməkdən zövq alıram, yanaşması təsiredicidir. Hər matçda öz səviyyəmizə uyğun oynamağımızı istəyir. Bunu ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi və yalnız Almaniya “Bayer”inə gərgin mübarizədə (2:2, 2:3) uduzması da təsdiqlədi. İndi azarkeşlərdən mesajlar alıram. Onlar narahat olmamağımı və “Qarabağ”ın Avropada həmişə belə oynadığını düşünməməyimi xahiş edirlər. Deyirlər, bu, sadəcə zəif bir mövsümdür. Bunu çox gözəl başa düşürəm. Çünki futbolçularımızın hansı səviyyədə olduğunu görürəm. Ümumiləşdirsək, deyə bilərəm ki, Qurbanov müstəsna insandır. Başqa klublarda uğurla işləyə bilərdi, amma burada onun rolu əsasdır”.
Koxalski Qurbanovun bu mövsüm Avropa Liqasındakı uğursuz çıxışa münasibətindən də söz açıb: “Oyunların fasilələri zamanı qıcıqlanırdı. Amma məğlubiyyətlərdən sonra onun qışqırmamasına təəccübləndim”.