Türkiyənin "Ankaragücü" klubu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla yollarını ayıra bilər.
Sportnet.az xəbər verir ki, bu barədə yerli "Viralspor" nəşri məlumat yayıb.
İddiaya görə, paytaxt təmsilçisi müqaviləsi davam edən 8 legionerdən ən azı üçü ilə vidalaşmaq niyyətindədir.
Bunlar Stelius Kitsiu, Niko Şults, Renaldo Kephas, Rikkardo Saponara, Riad Bayiç, Kevin Varqa, Renat Dadaşov və Dorin Rotariodur.
R.Kephasın baş məşqçi Kemal Özdeşin planlarına daxil olduğu bildirilib. N.Şults isə özü vidalaşmaq istəməsə, heyətdə qalacaq. Bundan əlavə, mütəxəssis D.Rotario və S.Kitsiu ilə bağlı da müsbət rəy verib.
Digər 4 futbolçunun taleyinə isə I Liqada bu gün "Şanlıurfaspor"a qarşı keçiriləcək matçdan sonra aydınlıq gələcək.
Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayında "Ankaragücü"nə keçib.