"Çox dinamik oyun oldu. Rəqib də güclü komandadır. Nəticə ürəyimiz istəyən kimi olmasa da, qarşılaşma çox yaxşı alındı. Bu nəticəni unudub, növbəti oyunlara hazırlaşacağıq".
Bu sözləri Sportnet.az-a açıqlamasında "Şamaxı"nın tanzaniyalı yeni transferi Alfons Msanga Mabula Azərbaycan Premyer Liqasının XX turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib.
21 yaşlı yarımmüdafiəçi "Şamaxı" forması ilə debüt etməsi haqda da fikirlərini bölüşüb: "Bu, Azərbaycan çempionatında ilk oyunum idi. Premyer Liqa haqqında fikirlərim yüksəkdir. Burada rəqabət var. Fiziki hazırlığımı daha da artırmaq niyyətindəyəm. Çalışacağam ki, növbəti matçlarda komandam üçün əlimdən gələnin ən yaxşısını edim".
O, komanda yoldaşı Arsen Ağcabəyovun son saniyələrdə qaçırdığı real qol şansı haqda isə bunları deyib:
"Bu, futboldur. Belə hallar tez-tez baş verir, normaldır. Növbəti oyunlara fokuslanmalıyıq".
Həşim MƏMMƏDOV