“Həmişə məşqlərdə standart vəziyyətlər üzərində çalışırıq. Məşqlərimizin sayəsində də bunun bəhrəsini görürük”.
Sportnet.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Turan Toviz”un nigeriyalı futbolçusu Otto Con səfərdə “Qarabağ”ı 2:1 hesabla məğlub etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçı barədə danışarkən deyib.
27 yaşlı legioner Azərbaycanın ən güclü komandası ilə oyunun baxımlı və çətin alındığını söyləyib: "Bu oyunda nəticə qazanmalı idik. Bunun üzərində işlədik və istəyimizə nail olduq. Çox sevinirik. Oyuna bir qədər ağır başladıq. Meydanda ağır hərəkət edirdik. Buraxdığımız qol bizi hardasa ruhdan saldı. Lakin hissənin gedişatında vəziyyəti yavaş-yavaş dəyişməyə başladıq. İkinci hissədə isə ümumiyyətlə yaxşı çıxış etdik. Bəzi riskləri də nəzərə alaraq, mübarizəmizi sonadək davam etdirdik. Nəticədə qələbə qazandıq”.
Con çempionatın lideri ilə 3-cü dueldə qələbə qazanmalarının böyük hiss olduğunu vurğulayıb. Onun sözlərinə görə, "Qarabağ"a qarşı oynamaq insandan ikiqat motivasiya tələb edir: "Bu cür komanda ilə oyuna həmişə ikiqat həvəslə çıxırıq. Sadəcə, beynimizi düzgün yönləndirdiyimiz zaman hər şey yaxşı olur. Şübhəsiz ki, bu qələbə bizə turnir cədvəlində yüksəliş baxımından böyük dəstək olacaq. Gələcəkdə daha yuxarı pillələrə qalxmağa çalışacağıq”.
“Turan Tovuz”un hücumçusu vacib matçda vurduğu qol və azarkeşlərin dəstəyi barədə də danışıb: “Həmişə başımı aşağı salıb işimlə məşğul oluram. Oyuna sonradan daxil oldum və əlimdən gələni etdim ki, komandama xeyir verim. Sevinirəm ki, qol vurdum və qələbə də qazandıq. Turnir cədvəlində yüksək pillələri hədəfləyirik. Bunun uğrunda da mübarizə aparacağıq. Azarkeşlərimiz uzaq məsafə qət etdilər. Dəstəklərini hər zamankı kimi göstərdilər. Hər birinə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, "Qarabağ"la görüşdə meydana 65-ci dəqiqədə daxil olmuş Otto Con 90+4-cü dəqiqədə “Turan Tovuz”un qələbə topunu vurub.
Həşim MƏMMƏDOV