
"Oyuna çox yaxşı başlamışdlq, ardıcıl qələbələrdən sonra motivasiyalı idik. Azarkeşlər də yaxşı ab-hava yaratmışdılar. Rəqib azlıqda qalandan sonra sanki biz rahatlaşmış kimi olduq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, əvəzetmələr özünü doğrultmayıb: "Bu gün hücumu gücləndirmək üçün əvəzetmə etdik. Əfsus ki, alınmadı. Baş məşqçinin dəyişiklikləri həmişə uğurlu olmaya bilər. Fikirləşdik ki, hücumu gücləndirək. Lakin bunun effektini görmədik. Keçən dəfə Ramil Şeydayev meydana çıxıb məhsuldar ötürmə verdi. Amma bu dəfə alınmadı. Bunu təzyiqi azaltmaq üçün deyirik. Amma realist olmalıyıq. Rəhman Hacıyev və digərləri fikirləşməlidir ki, belə olmaz. Maksimumunu ortaya qoymalısınız".
Kevin Medinanın qırmızı vərəqə alması ilə meydanda çox şeyin dəyişdiyini bildirən baş məşqçi oyunlarının pozulduğunu söyləyib.
Abasov matçdan sonra azarkeşlərlə dava-dalaşın olmaması və gərginliyin azalması yönündə söhbət etdiyini də diqqətə çatdırıb. O, Azərbaycan derbisindəki məğlubiyyətin gələcək oyunlara mənfi təsir etməyəcəyini, əksinə, dərs çıxaracaqlarını söyləyib: "Bizə istədiklərimizi meydanda etmək üçün zaman lazımdır. Oyunçuları matça hazırlaşdırmaq çətindir. Amma son qarşılaşmalar göstərdi ki, düzgün yoldayıq. Ən yaxşısını etməyə çalışacağıq".
Baş məşqçi hələlik Azərbaycan Kuboku barədə danışmaq istəmədiyini söyləyib: "Gəlin, əvvəlcə hazırkı mərhələləri düşünək. Asan səbəbdə olduğumuzu düşünənlər yanılırlar. Qırğın oyunlar gedəcək".
Oyundan sonra "Neftçi" azarkeşlərinin komandaya münasibətini anlayışla qarşıladığını deyən baş məşqçi komandasının ardıcıl qəsəbələrindən sonra stadionu doldura bildiklərini söyləyib: "Məni üzən də budur ki, meydança dolur, amma azarkeşlər məyus qayıdırlar. Futbolçular da bundan məyusdurlar, paltardəyişmə otağında ağlayanlar var idi".
Abasov komandasının indiki durumunun gəldiyi vaxtla müqayisədə 3 pillə irəlilədiyini və Avrokuboka vəsiqə qazanmağı hədəflədiklərini vurğulayıb: "Hazırda çox çətin dönəmdəyik. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq".