
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasından 79 il ötür. Futbol ictimaiyyəti onu “Qarabağ”ın futbolçusu, 1976-cı ildə isə baş məşqçisi kimi tanıyıb.
Sportnet.az xəbər verir ki Milli Qəhrəmanın yaxın dostu olmuş deputat Aqil Abbas Teleqraf-a müsahibəsində maraqlı faktlar açıqlayıb:
- “Dolu” romanını Allahverdi Bağırova həsr etmisiniz. Onunla bağlı hansı xatirələriniz var?
- Xatirələrim böyükdür. Bəli, mənim “Dolu” romanımın qəhrəmanıdır. “Dolu” filmində də onun obrazını yaratmışam. Komandir onu ifadə edir. Allahverdi Teymur kişinin oğlu olub. Qəssab Teminin. Hər adama qəssab demirlər, igid adama deyirlər. Qalanlarına ətsatan deyirlər. 3 qardaşın hamısı igid oğlanlar idi. Eldarı Bakıda günün günorta çağı vurub öldürdülər, ona sui-qəsd etdilər. Əmir polis işləyirdi, o da müharibədə iştirak edirdi. Allahverdi isə Xalq Cəbhəsində könüllüləri götürdü I Qarabağ müharibəsində sonacan vuruşdu. İstəsəydi, getməyə bilərdi. Restoranları, dükanları, hər şeyi vardı. Amma o, hamısını atıb Vətəni, torpağı, namusu qorumağa getdi. Ən böyük qəhrəmanlığı da 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etməsi idi. Kimin bağrı yanırdı, Allahverdinin yanında idi. Bu ruhda bir oğlan idi. O adamda qorxu hissi yox idi, heç nədən çəkinməzdi. Onun haqqında çox danışmaq olar.
- Bəs futbol fəaliyyəti barədə nə deyərdiniz?
- Allahverdi məndən 7 yaş böyük idi. Biz Ağdama köçəndə - 1960-cı ildə futbolu sevirdim. O isə artıq Ağdam klubunda oynayırdı. Sonradan kapitan, baş məşqçi oldu. Müharibə gedərkən Allahverdi komandanı dağılmağa qoymurdu. İmarət stadionuna gəlir, futbolçulara ürək-dirək verib döyüşə qayıdırdı. Digər qardaşı Eldar da “Qarabağ”da oynayırdı, sonra kapitan oldu, Allahverdi də baş məşqçi idi. Allahverdi futbolçuların hamısına balası, əzizi kimi baxırdı.
- Allahverdi Bağırov futbola hobbi kimi yanaşırdı, yoxsa peşəkarcasına?
- Peşəkar futbol indi var. Amma peşəkarlıq onda vardı. Mərkəzdə oynayırdı, qol vururdu, qapıya güclü zərbələri vardı. Həm də komandanlıq etməyi bacarırdı, sonra getdi müharibədə komandan oldu. Liderlik hər adamın bacaracağı iş deyil. Bir sözü vardı: “Ay səni çörək tutmasın”. Adətən, tutsun deyirlər, onun dilində əksinə idi. Yəni belə oynamazlar və s. deyirdi. Sözün düzü, futbolçuların çoxu ondan, onun xarizmasından qorxurdu. Qorxudan da yaxşı oynayırdılar (gülür-red).
- Hansısa fakt varmı, onun barədə, bizim bilmədiyimiz?
- Allahverdi ilə bir dəfə Moskva şəhərinə getmişdik. Bir adam toydan bir gün əvvəl - ciyəraxşamında görmüşdü ki, biri şikəst adamı döyür. O da demişdi, “onu Allah vurub, sən niyə vurursan?” Allahverdi onu döymüş, bir-iki dəfə də bıçaq zərbəsi vurmuşdu. Sonra 3-4 il də qaçaq oldu, Moskvada-filan qaldı. Sonra isə özü gəldi təslim oldu, 3 il iş verdilər. Ağdamda bir prokuror vardı, Sabir Hacıyevin atası Kamal Hacıyev, Allahverdini futbolçu kimi çox sevirdi. Ona görə az iş verdi. Haradasa 2 il həbsdə oldu, sonra gəldi. Yenə həmin Allahverdi idi. Bu, təxminən 1975-1976-cı illərdə baş verib. Yəni, haqsızlığa dözməzdi. Keçib-gedə bilərdi. Amma gördü ki, əlil adamı döyürlər, onunla razılaşmazdı.
- Milli Qəhrəman kimi hər il yad edilir, təbii ki, bir zirvədir. Amma futbolçu olmasından niyə geniş bəhs edilmir?
- Əvvəllər Allahverdi Bağırova həsr olunan futbol turnirləri keçirilirdi. Bir neçə il təşkil edildi. Müharibə dövrü idi, baş qarışıq idi. Bundan başqa, Ağdamda tikilən yeni stadion Allahverdi Bağırovun adına olacaq. Onun heykəli stadionun qarşısında qoyulacaq. Heykəli deputat Ağalar Vəliyev hazırladıb.
- Əminsinizmi ki, stadiona Allahverdi Bağırovun adı veriləcək?
- Bəli, verəcəklər. Bunu bütün ağdamlılar bilir. Yeni tikilən stadiona Allahverdi Bağırovun adı veriləcək.
- Bəs AFFA niyə bu barədə nə isə etmir?
- AFFA-nın başı qarışıqdır. Limiti ləğv edib, bütün xariciləri, küçədə qalanları dolduracaqlar futbola. Amma yadına salmaq olar, AFFA da bundan qaçmaz, hansısa tədbir görər.
- Bəlkə UEFA-nın sanksiyasından qorxduğu üçündür?
- İnanmıram, Milli Qəhramandır. Siyasət də ola bilər, onu bilmərəm. Hər halda AFFA bir şey fikirləşə bilər. Yəqin ki, mümkündür.