
"İlk növbədə, rəqibi çempionatın qalibi olması münasibətilə təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssisin sözlərinə görə, komandası bir xala layiq idi: "Bu gün həqiqətən də hər iki tərəfin ifasında qarşılıqlı kəskin hücumların şahidi olduq. Bərabər səviyyəli oyun oldu. Düşünürəm ki, biz bu gün 1 xala layiq idik".
Berezutski Azərbaycan Kubokunun finalında da qarşılaşacaqları “Qarabağ”ı favorit hesab etdiyini bildirib: "Azərbaycan çempionatında hər rəqiblə 4 dəfə qarşılaşırsan və sənin özünün də müəyyən ümidlərin olur. Kubokun finalı bir oyundan ibarətdir. Nə baş verəcəyini bilmək olmaz. Amma biz yenə də “Qarabağ”ı kubokun finalında favorit hesab edirik. Biz də öz güclü tərəflərimizi bilirik. Əlimizdən gələni edəcəyik ki, oyundan qalib ayrılaq".
43 yaşlı baş məşqçi Azərbaycan Kubokunu qazanmayacaqları təqdirdə, gələcək taleyini klub rəhbərliyi ilə müzakirələrdən sonra aydınlıq gələcəyini də açıqlayıb: "Hələ bir şey deyə bilmərəm. Bu barədə klub rəhbərliyi ilə bərabər qərar verəcəyik".
Qeyd edək ki, Azərbaycan Kubokunda "Qarabağ" - "Sabah" finalı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.