
“Ayxan Abbasovun həmişə döyüşkən komandası olur”.
Sportnet.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, qarşılaşmanın ikinci hissəsində daha yaxşı oynadıqlarını bildirib: “Bizi çətin oyunun gözlədiyini bilirdik. Şamaxı hər bir komanda üçün çətin səfərdir.
Ayxan Abbasov amili də var. Onun həmişə döyüşkən komandası olur. Birinci hissədə tam konsentrasiya ola bilmədik, ikincidə daha yaxşı mübarizə apardıq. Qol vurduq, amma qollar da vura bilərdik. Son 3 oyuna baxacağıq”.
37 yaşlı mütəxəssis son iki oyunda qələbəni əldən vermələri barədə söz açıb: “Bunun adını qismət qoymayıb, bəs nə qoyum? Futbolda bəzən şans da olmalıdır, klass olmalıdır. Amma uşaqlar həqiqətən mübarizə apardılar. Qol epizodları yaratdıq, lakin yararlana bilmədik. Bu, artıq keçmişdir”.
O, Rüfət Abdullazadənin əvəzedilməsininin səbəbini açıqlayıb: “Ağrıları var idi. Özü əvəzlənmək istədiyini dedi”.
Məmmədov “Şamaxı” ilə oyunda 1 xal qazanmadıqlarını, 2 xal itirdiklərini söyləyib:
“Məşqçiliyə yeni başlamışam. Böyük-böyük danışmaq istəmirəm. Çatışmayan cəhətlərim də var. Reallığa qalsa, həm “Şamaxı”, həm də “Araz-Naxçıvan”la oyunda iki xal itirdik. Heyifsilənirik, amma qaytarılası da heç nə yoxdur”.