
“İlk olaraq azarkeş qrupumuz “Xəmsə”ni 16 illik münasibəti ilə təbrik edirəm”.
Sportnet.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Neftçi” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis futbolçularının sona qədər döyüşdüyünü söyləyib: “İkinci hissə daha çox istədiyimiz kimi oldu. İlk hissədə qol buraxdıq.
Ancaq ikinci hissədə istədiyimiz futbolçulardan istifadə edərək önə keçdik. Təəssüf ki, son dəqiqələrdə penaltidən qol buraxdıq. Amma üzülməyə dəyməz. Əsas odur ki, bu gün xallarımızın üstünə xal gəldi. Futbolçularım meydanda əsl qladiator kimi döyüşdülər”.
O, 4 əvəzetmə edərək önə keçmələri barədə söz açıb: “Birinci hissədə meydanda daha çox siyasi gedişlərimi aparırdıq. Rəqibi üzərimizə çəkdik. İkinci hissədə sürətli oyunçuların hesabına əks-hücumlarımız daha təhlükəli oldu. Meydana hücumameyilli 4 futbolçu buraxdıq. Eyni anda 4 dəyişiklik edəndə rəqibi fiziki baxımdan hazırlıqsız tutursan”.
Baş məşqçi futbolçularının qələbə qazanmadıqlarına görə məyus olmasını şərh edib: "Heç kim istəməz ki, əlavə olunan dəqiqələrdə qol buraxsın. Həqiqətən də üzüntülü məqamdır. Qələbə qazansaydıq, çempionatda qalmağı rəsmiləşdirəcəkdik. Qışdan sonra ən çox xal toplayan 3-4 komandadan biriyik. Məncə, bu imkanlarda bu nəticə "Kəpəz" üçün çoxdur”.