
“Kəpəz” komandası Azərbaycan Premyer Liqasının XXXIII turunda “Neftçi” ilə səfər matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb. Halbuki, qələbə qazanacağı təqdirdə, xallarını 31-ə çatdıracaq Gəncə təmsilçisi Premyer Liqadakı yerini böyük ölçüdə təmin edəcəkdi.
Qarşılaşmadan sonra “sarı-göylər”in futbolçusu İlkin Qırtımov sportnet.az-a müsahibə verib. 35 yaşlı müdafiəçi "Neftçi"ni məğlubiyyətdən qurtaran mübahisəli penalti epizodu və digər sualları cavablandırıb.
- “Neftçi”yə qarşı oyunda qələbəni son anda əldən verdiniz. Nəticəni qənaətbəxş hesab edirsiniz?
- Oyundan öncə bilirdik ki, 1 xal da bizə kifayət edir. Amma görüşü 0:1-dən 2:1 hesablı üstünlüyə çevirə bildik. Qələbə olsaydı, daha yaxşı olardı.
- Qələbə qazansaydınız, Premyer Liqada qalmağınız, demək olar ki, rəsmiləşəcəkdi. Bu baxımdan, məyus deyilsiniz?
- Bəlkə də belə məsləhətdir ki, çempionat daha maraqlı keçsin. Yenə də növbəti oyunlarda əlimizdən gələni edəcəyik.
- Oyunun 90+3-cü dəqiqəsində Murad Məmmədovun zərbəsi zamanı baş hakim Rauf Cabarov topun sizin əlinizə dəydiyi qənaətinə gəldi. Verilən penalti barədə nə deyərdiniz: həqiqətənmi var idi?
- Hakimlər daha yaxşı görür. Mən əlimi bağlamışdım, ola bilsin, hakimlər başqa cür görür. Nə deyim?!
- Cari mövsüm çempionatda “Neftçi”yə qarşı 2 qalibiyyətiniz, 2 heç-heçəniz var. Nəzərə alsaq ki, vaxtilə siz də bu klubun formasını geyinmisiniz, “ağ-qaralar”a qarşı xüsusi motivasiyada hazırlaşırsınız?
- Xeyr, əlavə motivasiya olmur. Hər oyuna necə çıxırıqsa, bu rəqibə qarşı da oyunumuz elədir. Düzdür, vaxtilə “Neftçi”nin şərəfini qorumuşam, amma bu gün onlar bizim rəqibimizdir. Elə komandalar var ki, oyunumuz onlarla daha yaxşı alınır. “Neftçi” də bu komandalardan biridir.
- Çempionatın bitməsinə 3 tur qalıb. Bundan sonrakı oyunlarda motivasiyanız nədən ibarət olacaq?
- Əlbəttə, Premyer Liqada yerimizi təmin etmək bizim üçün daha yaxşı, daha rahat olardı. Amma olmayanda olmur. Yenə də matçlarımız var. Bura qədər gəlmişiksə, bundan sonra da yaxşı sonlandıra bilərik.
- Növbəti mövsüm Azər Bağırovun “Kəpəz”dən ayrılacağı, komandada köklü dəyişikliklərin baş verəcəyi deyilir. Deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?
- Yazılanlar həqiqəti əks etdirmir. Bu barədə problem yaranmır. Komanda daxilində hər şey yaxşıdır, normal qaydada davam edir.
- Növbəti mövsüm “Kəpəz”də davam etməyi və ya karyeranızı bitirməyi düşünürsünüz?
- Qalıb-qalmayacağımı hələ dəqiq bilmirəm. Amma karyeramı davam etdirirəm. Ümid edirəm ki, hər şeyin xeyirlisi olar.
- Ötən mövsüm I Liqaya yuvarlanan “Qəbələ”dən ayrılanlardan biri siz oldunuz. Növbəti mövsüm isə artıq elitaya qayıdacaqlar. Oraya dönmək istərdiniz?
- Təklif gəlsə, dəyərləndirmək istərdim. “Qəbələ”nin adına da çox sevinirəm. O klubu tərk etmək istəmirdim. Sadəcə, bəzi səbəblərə görə ayrılmaq məcburiyyətində qaldım. Onları təbrik edirəm. Yaxşı ki, elitaya qayıtdılar.
- Avrokuboklarda oynamış futbolçu olaraq, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klubda çıxış etmək necə hisdir?
- Təbii ki, bəzən qəribə gəlir. Amma futbol həyatı belədir: Hər üzünü görmək məcburiyyətindəsən. Əsas olan, klubuna necə kömək etmək, fayda verməkdir. “Qəbələ” də avrokuboklar üçün mübarizə aparıb. Təki növbəti mövsüm də elə olsun.