
AFFA-nın Lisenziyalaşdırma Departamentinin rəhbəri Elçin Məmmədov Lisenziyalaşdırma Komissiyasının bugünkü iclasında qəbul olunmuş qərarlarla bağlı Teleqraf-ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- II Liqada niyə “Füzuli” və “Araz-Saatlı”ya lisenziya verilmədi?
- Adıçəkilən kublarda müəyyən sənəd çatışmazlıqları var idi. Biz konkret səbəbləri açıqlamırıq. Bunlar klublara yazılı şəkildə göndərilib, orada səbəblər də göstərilib, açıqlamanı isə özləri verə bilərlər. Sizə maraqlıdırsa, özlərindən dəqiqləşdirə bilərsiniz. Lakin bizim belə bir hüququmuz yoxdur. Yalnız bir halda özümüz açıqlama verə bilərik ki, klub mətbuata səhv məlumat versin. O zaman hüququmuz olur ki, düzəliş edərək doğru məlumatı çatdıraq.
- Premyer Liqa və I Liqa klublarının hamısı lisenziya ilə təmin olunub. Onların şəraiti və infrastrukturu buna imkan verirmi?
- Qaydalarda yazılıb ki, daxili turnirlərdə həmin yarışları təşkil edən qurumun əsasnaməsinə uyğun stadionu olmalıdır. Stadionlar siyahısını alarkən, onları PFL-ə və AFFA-nın Uşaq və Gənclər Futbolu Departamentinə göndərir, onlardan rəy toplayırıq. Hər hansı məsələ olduqda, onlar bildirir ki, bu stadion bizi qane etmir və onu qəbul etmirik.
- Lisenziya verərkən, hansı şərtlər daha üstün götürülür?
- Bir liqadan digər liqaya keçən klubun ev oyunları üçün yararlanacağı stadionu PFL-ə göndərmişdik. Öz növbəsində, bu qurum bir ay əvvəl stadionlarda təftişlər apardı və çatışmazlıqları klublara yazılı formada bildirdi. Son tarix üçün yay aylarını göstərdi və bildirdi ki, çempionatın startına müəyyən müddət qalmışadək düzəlişlər edərək, məlumat verin. Bunu nəzərə alaraq, qərarda da qeyd etdik. Yəni, stadionda hansısa çatışmazlıq varsa, klublara da bildirdik ki, verilmiş vaxt bitdikdə PFL-ə məlumat verin, düzəliş olub-olmadığını dəqiqləşdirmək üçün bir daha təftiş keçirilsin. Çatışmazlıq yenə aşkar olunarsa, ya alternativ stadion təqdim olunmalıdır, ya da əlavə vaxt verilir. Yəni, PFL ilə işçi qaydada proses gedir. Heç bir alternativ tapılmasa, PFL bizə yenidən müraciət edir və deyir ki, bu klub meyarları yerinə yetirmir. Hansı klublara möhlət verilibsə, onlar son müddət bitənədək PFL-i məlumatlandıracaqlar və müvafiq qərarlar qəbul olunacaq. Hazırda isə stadionlarında çatışmazlıqlar olan klublara aradan qaldırılmasından ötrü vaxt verilib.
- Söhbət "İmişli" və "Karvan"dan gedir?
- Adları açıqlamayacağam. Təkcə bu klublar deyil, I Liqaya yüksələn komandalar da var. Stadion məsələsini PFL klubların özləri ilə razılaşdıracaq. Mövsüm öncəsi stadionun müvafiq liqanın tələblərinə cavab vermədiyi müəyyən olunarsa, klub məcburən başqa stadionu icarəyə götürə bilər. Ümumiyyətlə, I Liqadan lisenziya üçün bütün klublar müraciət etdilər: 5 klub Premyer Liqa, 5 klub isə iddialı olmadığı üçün öz yerini qorumaq üçün. Onların hər biri müvafiq qaydada lisenziyalarını aldılar. II Liqadan isə 6 klub lisenziya aldı, 2 klub almadı. Qalanları isə ümumiyyətlə, I Liqa üçün müraciət etmədilər.
- UEFA-nın klub yarışlarında iştirak etmək üçün 7 kluba lisenziya verilib...
- Bəli, çünki 3 klub - “Şamaxı” “Kəpəz” və “Səbail” müraciət etməyib.
- "Sumqayıt” avrokuboklar üçün müraciət edib. Halbuki hazırda bu klub Premyer Liqada qalmaq üçün mübarizə aparır...
- Biz klubun turnir cədvəlindəki mövqeyinə baxmırıq. Sənədləri araşdırıb komissiyaya təqdim edirik. “Baku Sporting” və “Difai” də nəticələrinə görə Premyer Liqaya yüksələ bilmir. Amma klub lisenziya üçün minimal şərtləri ödədiyindən, ona lisenziya veririk. Burada heç bir problem yoxdur.
- Növbəti mövsüm şərtlər və klubların iddiaları dəyişərsə, onların lisenziyasında hansısa dəyişikliklər etmək mümkündürmü?
- Klublar mövsüm ərzində lisenziya növünün dəyişilməsində azaddırlar. Məsələn, bir klub mövsümün əvvəlində düşünür ki, UEFA üçün müraciət etsin, amma mövsümün yarısında görür ki, nəticələri uyğun gəlmir, bizə müraciət edərək yazılı şəkildə “Artıq UEFA yox, Premyer Liqa üçün lisenziya istəyirəm” deyə müraciət edir. Çünki daxili yarışlar üçün şərtlər daha asandır. Biz də lisenziya növünü dəyişirik. Bizim xüsusi platformamız var, klubların bütün sənədləri ora göndərilir. Lisenziya növü dəyişdikdə tələblər də azalır. Məsələn, uşaq komandalarının sayı, maliyyə və digər meyarlar Premyer Liqa üçün nəzərdə tutulmuş olur. Belədə, klub mövsümün yarısında və ya sonuna yaxın bunun üçün müraciət edə bilər. Bu mövzuda da hər hansı problem yoxdur.
- Demək olarmı ki, lisenziyalaşdırma ötən illərlə müqayisədə daha da asanlaşıb?
- Biz ehtimal edirik ki, illər keçdikcə, klublar daha böyük təcrübə toplayırlar. Xüsusən, I Liqada bunun effektini gördük. Ötən il I Liqada lisenziyanı ilk dəfə icbari tətbiq etmişdik. Bu il klublar prosesi daha dərindən anlayır, meyarları daha tez yerinə yetirir və sənədləri təqdim edirlər. Xüsusən, lisenziya menecerləri dəyişməyən klublar. Çünki toplanan təcrübə öz effektini verir. Dəyişiklik olan klublarda isə yenidən treninqlər keçiririk, həmin insan menecer işləmək üçün bizdə onlayn imtahandan keçir və sertifikat alır. Amma təcrübəli lisenziya menecerləri üstünlüklərə malikdirlər.
- Əvvəllər I Liqanın qalibləri Premyer Liqaya lisenziya qazana bilmirdilər. Amma indi hətta stadionları yararsız olan və ya ümumiyyətlə olmayan klublara lisenziya verirsiniz. Bu müddətdə nə dəyişib?
- Prinsipial olaraq nə isə dəyişməyib. Bir-iki yeni meyar əlavə olunmuşdu. Məsələn, bu ildən hər bir klub bizə əmtəə nişanı ilə bağlı sertifikat təqdim etməli idi. Klublar da müvafiq agentliyə müraciət edərək, həmin loqoları əqli mülkiyyət kimi qeydiyyata almışdılar. Asanlaşdırımış meyar yox idi. Sadəcə, təcrübə topladıqca prosesi daha yaxşı anlayır və sənədləri daha tez həll edirlər.
- II Liqa klubları, məsələn, "Lerik" bu mövsüm maddi çətinliklər yaşamışdı...
- "Lerik" bizə lisenziya üçün müraciət etməyib. Son pillələrdəki komandalardan "Füzuli" müraciət etmişdi, almadı. II Liqa klublarından bəziləri müraciət edib. Çünki bu liqada iştirak üçün icbari lisenziya tələbi olmadığından, azaddırlar. Necə ki, iki il bundan öncə I Liqada tələb yox idi deyə, klublar ya ümumiyyətlə müraciət etmirdi, ya da sırf ərizə göndərərək prosesdə iştirak etməkdən imtina edirdilər. İndi isə I Liqada iddialı olmasan belə, ən azı, öz yerini qorumaq üçün prosesdə iştirak etməlisən. İndi isə II Liqada iddialı olan klublar I Liqa lisenziyası üçün müraciət edirlər.
- “Turan Tovuz” növbəti mövsüm Premyer Liqada “Turan” adı altında çıxış etmək istəyini açıqlamışdı. Klub bu adda lisenziyalaşdırlması üçün müraciət edibmi?
- Xeyr. Bizə bu barədə klub tərəfindən hər hansı müraciət daxil olmayıb.