Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-15 Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 3 boksçusu qələbə qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Elcan Musazadə (50 kq) 1/4 finalda Tobais Viçeniklə (Çexiya) qarşılaşıb.
Musazadə ardıcıl üçüncü görüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, yarımfinalda Şeyn Kitlə (İngiltərə) üz-üzə gələcək.
Yusif Ağakişiyev (75 kq) də 1/4 final mərhələsindəki döyüşünü xeyrinə bitirib. Ona Giorge Bratunu (Rumıniya) məğlub etməyə cəmi 45 saniyə kifayət edib. Tam üstünlüklə qələbə qazanan Ağakişiyev yarımfinalda Oleksandr Tomiçlə (Ukrayna) qarşılaşacaq.
Mehran Rəsulov (80 kq) isə 1/4 finalda Giorgi Quledanini (Gürcüstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti görüşündə Valeri Todorovla (Bolqarıstan) gücünü yoxlayacaq.
Hər 3 milli üzvü yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər. Onlardan öncə azərbaycanlı 2 oğlan və 2 qız boksçu da bu hüquqa yiyələnib.
Avropa çempionatında 1/4 final döyüşləri bu gün də davam edəcək.
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq. Qız idmançılarda oktyabrın 23-də, oğlanlarda ertəsi gün yarımfinal görüşləri baş tutacaq.













































































