
"Turnir cədvəlində iddiası olmayan komandanı motivasiya verərək meydana çıxarmaq çətindir".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis görüşə itkilərlə çıxdıqlarını və nominal mərkəz müdafiəçisiz oynadıqlarını xatırladıb. Lakin o, belə çətinlikləri çox keçdiklərini bildirib: "Çətindir, amma rastımıza çətinliklər çox çıxıb. Soyunub-geyinmə otağında rəqibin durumunun bizim üçün önəmli olduğunu deyirik. Çünki rəqiblərimiz avrokuboklar uğrunda mübarizədə xallar qazanmaq istəyirlər. Bizə də xal lazım olanda heç bir rəqibi asanlıqla udmuruq. Başqa komandaların da bizim üzərimizdə belə rahatlığın olmasını istəmirəm. Futbolçulara meydana çıxarkən əynindəki köynəyə baxmalı olduqlarını deyirəm. "Neftçi" futbolçusu hər şeydən və hər kəsdən üstündür".
Abasov oyuna üç hündürboylu mərkəz hücumçusu ilə çıxmasının səbəbini açıqlayıb: "Bu, plan üzrə olan seçim idi. "Turan Tovuz"un oyun üslübunu hamı bilir. Hücumçular çox yaxşı oynadılar. Özləri yerdəyişmə edirdilər. Bu, effektiv idi. Rəqibin müdafiəsini təzyiqdə saxlamağı bacardılar. Saysaq, hər üçünün qol epizodu da oldu".
O, Emin Mahmudovun formasını azarkeşə hədiyyə etməsi ilə bağlı bunu deyib: "Oyun zamanı azarkeşlərdən biri məni çağırdı. Elə bildim söyüşə çağırır (gülür - red.). O, Eminin formasını şəhid övladına verəcəyini bildirdi. Mən də formanı Emindən alıb ona verdim".
Baş məşqçi növbəti mövsümlə bağlı planlarının olduğunu vurğulayıb: "Hər oyundan sonra günlərlə, saatlarla oturulub danışılır. "Neftçi"nin azarkeşinə söz deməyə ehtiyac yoxdur. Onlara vədlər çox verilib. Mənim dediyim də söz olaraq qala bilər. Bu cür oyunlarla, qələbələrlə özümüz göstərməyə çalışmalıyıq".
Abasov "Neftçi"də seleksiya üzrə məşqçilər qrupunun yaradılmasının onun işinin asanlaşdıracağını söyləyib: "Deyərdim ki, o qrupumuz var. İndi daha da təkmilləşdirəcəyik. Bunun üzərində işləyirik. Bu, tək mənim deyil, həm də klubun istəyidir".
O, qış transfer pəncərəsində Rusiyanın "Baltika" klubundan transfer edilən Aleks Fernandesin çatışmazlıqlarının aradan qalxacağını diqqətə çatdırıb: "Gətirdiyimiz oyunçudan dərhal nə isə istəyirik. Aleks bizə çətin vaxtda qoşuldu. Onu fərqli mövqelərdə yoxlayırıq. Fernandes kimi futbolçulara səbrlə yanaşmağa məcburam. Keyfiyyəti, səviyyəsi və verdiyi qərarları bəllidir. Məncə, oyunun ümumi ab-havasını tuta bilməyib. Bu da düzələcək".
Abasov ona olan təzyiqdən danışıb: "Təzyiq hər zaman olacaq. İtaliyanın "İnter" klubu mövsümə pis başlayanda baş məşqçi Simone İnzaginin göndərilməli olduğu deyilirdi. Hazırda UEFA Çempionlar Liqasının finalındadılar. Təzyiq işin bir hissəsidir. Azarkeş də, mətbuat da təzyiq etməlidir. Bu olmasa, bəlkə də buralarda olmarıq".