“Sabah” klubunun baş məşqçisi Vasili Berezutskinin Rusiya MOİK-inin UEFA Kubokunu qazanmasının 20 illiyi münasibətilə təşkil olunan yoldaşlıq oyununda iştirak edəcəyi dəqiqləşib.

 

Bu barədə Sportnet.az-a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmisi bildirib ki, Premyer Liqada XXXV turun mayın 17-də baş tutacaq “Zirə” ilə səfər oyununa komandanı rusiyalı mütəxəssis çıxaracaq: “Baş məşqçimiz Rusiyaya “Zirə” ilə oyundan sonra yollanacaq. Vasili Berezutski mayın 19-da, komandanın məşqləri bərpa etdiyi gün artıq komandanın düşərgəsində olacaq”.

 

Qeyd edək ki, MOİK 2004/2005 mövsümündə UEFA Kubokunu qazanıb. 42 yaşlı mütəxəssis sabiq komanda yoldaşları ilə birlikdə mayın 18-də "VEB Arena"dakı matçda forma geyinəcək. MOİK-in sabiq oyunçuları həmin avrokubok mövsümündə onlara qarşı çıxış etmiş ulduz futbolçularla üz-üzə gələcəklər.