
“Rəqib onsuz da çempiondur, bu, hamıya aydındır. Bizə minimum bir xal lazım idi, amma əldə edə bilmədik”.
Bunu “Araz-Naxçıvan”ın futbolçusu Bəxtiyar Həsənalızadə Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra Sportnet.az-a açıqlamasında deyib.
33 yaşlı müdafiəçi çətin səfərdən xalsız qayıtdıqları üçün məyus olduğunu bildirib: "Qarabağ" artıq çempiondur, Zirə” mövsümü ikinci pillədə başa vurub. Bizim üçün əsas olan üçüncülüyü təmin etməkdir.
Xal itkisi heş də yaxşı olmadı. Buna görə təəssüflənirik”.
Həsənalızadə əsas məqsədlərinin çempionatı uğurlu nəticə ilə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanmaqdan ibarət olduğunu bildirib: “Avrokubok planları qurmağa tələsmirik. Çempionatda son iki oyunumuzu düşünürük. Mövsümü üçüncü yerdə bitirərək, avrokuboklara yollanmaq niyyətindəyik”.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 55 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.