
Portuqaliyanın "Benfika" komandasının futbolçusu Alvaro Karreras Fernandes İspaniyanın "Real Madrid" klubunun diqqətini çəkib.
Sportnet.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, ispaniyalı müdafiəçi "kral klubu"nun yay transfer dövrü üçün əsas hədəflərindən biridir.
"Real Madrid"in baş məşqçisi təyin olunacağı gözlənilən Xabi Alonsonun komandada beş müdafiəçi sxemini tətbiq etmək niyyətində olduğu bildirilir. 22 yaşlı Karreras bu taktiki düzülüşdə Alonsonun komandasında yüksək performans nümayiş etməyə qadirdir.
Karrerasın sərbəst qalma məbləği 50 milyon avrodur, lakin "Real Madrid" bu məbləğin azaldılması üçün "Benfika" ilə danışıqlar aparacaq.
İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş oyunçusunu 18 milyon avroya geri almaq hüququ var, lakin bu şərt dekabrın 31-dək qüvvədədir. Karrerasın İngiltərəyə qayıtmaq istəmədiyi qeyd olunur.
Qeyd edək ki, Alvaro Karreras Fernandes cari mövsüm ərzində keçirdiyi 48 oyunda 4 qol və 5 məhsuldar ötürmə müəllifi olub.