
Argentinanın "Belqrano" klubunda çıxış edən Lukas Selarayan Ermənistan millisindən aldığı dəvəti rədd edib.
Sportnet.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Con vant Sxip Kosovo ilə yoldaşlıq görüşündən öncə mətbuat konfransında bildirib.
62 yaşlı mütəxəssisin sözlərinə görə, Selarayan məzuniyyətə getmək istədiyini söyləyib. Niderlandlı baş məşqçi bu cavabdan heyrətləndiyini açıqlayıb: "Lukasın martda ailə problemləri var idi. Bu dəfə isə problem bir qədər fərqlidir. O dedi ki, məzuniyyətə getmək istəyir.
Çox heyrətləndim. Çünki futbolçu yığmaya gedib-getməmək arasında seçim edə bilmir. Halbuki milliyə dəvət alan oyunçu belə seçim etməməlidir".
Vant Sxip Ermənistan çempionatında oyun intensivliyinin aşağı olmasına da diqqət çəkib: "Çempionat oyunları zamanı futbolçular çox yıxılırlar, hakimlər oyunu dayandıraraq ritmi pozurlar. Bu barədə Hakimlər Komitəsində də danışmışam. Ermənistan futbolunun problemlərindən biri budur".
Qeyd edək ki, Lukas Selarayan Argentinada doğulub. 33 yaşlı yarımmüdafiəçi 8 oktyabr 2021-ci ildən Ermənistan yığmasında forma geyinir. O, 14 oyunda 3 qol vurub. Kosovo - Ermənistan matçı bu gün olacaq.