
“Bu yoldaşlıq oyunudur. Burada da vacib anlar var".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
Gürcüstanlı mütəxəssisin sözlərinə görə, hazırda komandada uyğunlaşma prosesi gedir: "İlk olaraq onu deyim ki, futbolçularım xeyli yükləmədədirlər. Buna baxmayaraq, hələ çox işləməli, çox artırmalıyıq. Yeni futbolçularımız da var. Onların da komandaya, oyun üslubuna uyğunlaşma prosesi gedir. Yoxlama oyunları bu baxımdan çox vacibdir. Əlbəttə, səhvlərimiz çoxdur. Üzərində işləməli olduğumuz xeyli məqamlar var".
Tsxadadzenin fikrincə, qalib gəlmələri o demək deyil ki, rahat olmaq lazımdır: "Rahatlaşmaq əsla yolverilməzdir. Çatışmayan çox nüanslar var. Bundan öncəki matçlarda da yaxşı oynamışdıq. Bu dəfə isə əksər futbolçular 80 dəqiqədən çox meydanda oldular. Hələ çox işləməli, çox irəli getməliyik”.
Baş məşqçi transferlərə də toxunub: “Transferlər də olmalıdır. Bu, hazırda ən vacib məsələlərdən biridir. İdman direktorumuzla yeni transferlərin edilməsi üçün çox çalışırıq. Fərqindəyik ki, güclənmək lazımdır. Həm də düzgün istiqamətdə güclənmək”.