
"Qarabağ" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Şelburn"una qarşı cavab görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə topu 44-cü dəqiqədə rəqib futbolçu Con Martin öz qapısından keçirib.
68-ci dəqiqədə isə Kadi Borges penaltini boşa verərək, "Qarabağ"ın fərqi artırmaq imkanını qaçırıb.
Bununla belə, səfər matçında da 3:0 hesablı qələbə qazandığı üçün Ağdam komandası Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Növbəti mərhələdə rəqib "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu avqustun 6-da səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək.
------------------------------------
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubu ilə cavab oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü italiyalı hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Andrea Kolombo olacaq. Ona Stefano Alassio ilə Dario Çeççoni kömək edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonaçina yerinə yetirəcək.
VAR hakimi Daniele Doveri, VAR assistenti isə Daniele Paterna olacaq.
Qarşılaşmaya saat 21:00-da start veriləcək.
Komandalar arasında keçirilən ilk oyunda "Qarabağ" 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qarabağ" mərhələ adlayacağı təqdirdə FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu klubların Şimali Makedoniyada oynanılan ilk matçında ev sahibləri minimal hesablı qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
Qol: Con Martin, 44 (öz qapısına)
İstifadə olunmamış penalti: Kadi Borges, 68 ("Qarabağ")