
"Növbəti mərhələyə keçdik və ümumilikdə oyundan razı qaldım. Futbolçularıma ciddi irad bildirə bilmərəm, onlar meydana maksimumlarını qoydular".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə İrlandiya "Şelburn"una 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, bəzi çatışmazlıqlar olsa da, bunların üzərində işləniləcək: "Rəqib güclü idi, qalib gəlməyimizə baxmayaraq oyunun bir çox hissəsində üstünlük göstərməyə çalışır, aqressiv şəkildə hücum edirdilər. Azarkeşlərimizə təşəkkür edirəm. Onları stadionda bu qədər çox görmək çox sevindirici haldır. Bu, bizim üçün böyük motivasiyadır və bizə əlavə güc verir”.
Qurbanovun fikrincə, yeni transferlər məşqlərdə pis təsir bağışlamırlar, amma tam adaptasiya üçün bir neçə oyuna ehtiyac var: "Kollektivə tam uyğunlaşmaları zaman alacaq. Ümumilikdə isə hər şey normaldır və proses plan üzrə gedir".
O, transferlər etmələrinin vacibliyini açıqlayıb: Hazırda əlimizdə konkret bir xəbər olmasa da, transfer istiqamətində işlərimiz davam edir. Komandamıza yeni futbolçu qatmaq istəyirik və son transfer gününə qədər bu yöndə əlimizdən gələni edəcəyik. Mütləq şəkildə transferlər etmək niyyətindəyik. Komandamızın güclənməsi üçün bu proses üzərində ciddi şəkildə çalışırıq".
Baş məşqçi Kadi Borgesin penaltini dəqiq yerinə yetirə bilməməsinə də reaksiya verib: "Kadinin zərbəsindən hiss olunurdu ki, qapıçını aldatmağa çalışırdı, amma bu dəfə əksinə oldu – qapıçı onu aldatdı. Bu kimi epizodlara görə üzərinə çox getmək düzgün olmaz. Futbolda hətta ən güclü oyunçular belə penalti qaçırır. Vacib olan odur ki, komandamızda penalti zərbələrini inamla yerinə yetirə biləcək bir neçə futbolçu var. Hər bir halda futbolçular penalti zərbələrinə ciddi yanaşmalıdırlar. Bu epizodlar oyunun taleyini dəyişə bilər, ona görə də məsuliyyət və diqqət ön planda olmalıdır. Kadi universal futbolçudur, karyerası ərzində bir neçə mövqedə çıxış edib. Biz də ondan ehtiyac duyduğumuz mövqedə rahatlıqla istifadə edə bilərik".
Qurbanov mərkəz müdafiəçisi mövqeyində Kevin Medinanın əvəzinə yeni transfer Sami Mmaeni buraxmasını belə şərh edib: "Medinanı əvəz etməklə Mmae üçün daha əlverişli şərait yaratmaq istəyirdik. Bu dəyişiklik oyunun axarına və taktiki düzülüşə uyğun olaraq planlaşdırılmışdı".
O, "Araz-Naxçıvan"a keçən Patrik Andrade barədə də danışıb: "Patrik mənim taktiki planlarıma uyğun, düşündüyüm futbolu yaxşı icra edən futbolçulardan biri idi. Ola bilsin ki, komandada müəyyən dəyişikliklərə ehtiyac yaranır, bu cür qərarlar isə klubun ümumi strategiyası çərçivəsində qəbul edilir".
Təcrübəli mütəxəssis "Qarabağ"ın hazırlığının hələ tam istənilən səviyyədə olmadığını etiraf edib. Lakin onun fikrincə, futbolçular bu mərhələ üçün lazım olan gücü ortaya qoyublar.
Baş məşqçi ardıcıl 12 ildir avrokubokların əsas mərhələlərinə vəsiqə qazanmalarına da diqqət çəkib: "Bu, həm stabillik göstəricisidir, həm də klub olaraq sistemli işimizin nəticəsidir. Amma biz bununla kifayətlənmək istəmirik – daha artığını hədəfləyirik. Maksimum nəticə nədirsə, onu əldə etmək istəyirik. Çempionlar Liqasının Liqa mərhələsinə düşmək şansımız varsa, bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Qurbanov bununla yanaşı, ölkədə futbola olan marağı artırmaq, insanları Azərbaycan və “Qarabağ” adı altında birləşdirərək futbolun ətrafında toplamaq istədiklərini dilə gətirib: "Bu, təkcə bugünkü nəticələr üçün deyil, gələcəyin futbolçularının yetişməsi üçün də böyük motivasiyadır. Uşaqlar, onların valideynləri üçün belə nümunələrin olması futbolun inkişafında xüsusi rol oynayır. Avropada oynamaq asan deyil.
Orada futbol çox yüksək səviyyədədir. Lakin bizim də daha yaxşı infrastrukturumuz, müasir meydançalarımız və daim dolu tribunalarımız olsa, Azərbaycan futbolu daha sürətlə inkişaf edər. Biz bu inkişafa töhfə vermək üçün çalışırıq".