
“Qarabağ”da uzunmüddətliyəm. Futboldur, hər şey baş verə bilər. Gələcəklə bağlı heç kəs zəmanət verə bilməz”.
Bunu Sportnet.az-a açıqlamasında “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges deyib.
29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində uzun müddət çıxış etmək fikrində olduğunu bildirib: “Hazırda “Qarabağ”dayam. İrəlidə hər şey başqa cür də ola bilər. Çempionlar Liqasında çıxış edirik. Mən Konfrans Liqasında oynamaq istəmirəm”.
Borges UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində İrlandiya təmsilçisi “Şelburn”u 3:0 və 1:0 hesablı qələbələrlə üstələyərək, növbəti mərhələyə adladıqları oyunlardan da danışıb: “Bir həftə öncə olduğu kimi, bu dəfə də çətin görüş keçdi. Əsas odur ki, öz işimizi gördük. Mövsümə yaxşı start verdik. Bu, bizim üçün çox vacib idi. Azarkeşlə bizim aramızda fərq ondadır ki, biz başqa, onlar isə başqa cür fikirləşir. Futboldur, uda, uduza, heç-heçə edə bilərsən. Bəlkə bir həftə öncəki kimi, hamı bu dəfə də 3 qol vurmağımızı gözləyirdi. Amma eyni rəqibə qarşı olsa da, oyunlar arasında fərq böyük idi. Yəni bizimlə azarkeşin yanaşması fərqlidir”.
Baş məşqçi Qurban Qurbanovun daha çox hücumda şans verdiyi braziliyalı legioner bu dəfə fərqli mövqedə oynamasından da söz açıb: “Dayaq yarımmüdafiəçi olaraq üzərimə çox iş düşmürdü. Amma müdafiəyə meylli çalışmalı idim. Məncə, pis alınmadı. Yəni çətinlik çəkmədim”.
Qeyd edək ki, “Qarabağ” ÇL-in III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk matçını avqustun 5-6-da səfərdə, təkrar qarşılaşmasını isə avqustun 12-də evdə keçirəcək.