
“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. 2012-ci ilin yanvarından 2015-ci ilin iyulunadək və 2016-cı ilin iyulundan 2017-ci ilin iyulunadək "köhlən atlar"ın formasını geyinmiş makedoniyalı futbolçu Muarem Muarem mövzu ilə bağlı Sportnet.az-ın suallarını cavablandırıb.
Hazırda ölkəsinin U-16 yığmasında köməkçi-məşqçi işləyən 36 yaşlı sabiq pleymeyker cütü dəyərləndirib, gözləntiləri bölüşüb və Azərbaycanda oynadığı günləri yada salıb:
- Ölkənizin “Şkendiya” klubu ilə sabiq komandanız "Qarabağ"ın qarşılaşacağını eşidəndə hansı hisləri keçirdiniz?
- Düzü, zənginizi gözləyirdim. Bunu öyrənəndə milli komandamızla birlikdə təlim-məşq toplanışında idim. Xəbər tutmuşdum ki, “Şkendiya” II təsnifat mərhələsində Rumıniyanın FCSB komandasını keçərsə, “Qarabağ”la qarşılaşacaq. Açığı, bunun baş verəcəyini gözləmirdim. Amma Ağdam təmsilçisi ölkəmizə gələcəyi üçün çox sevindim. Uzun müddətdir klub əməkdaşları ilə danışırıq, amma görüşmürük.
- Skopyedəki oyunu stadiondan izləyəcəksiniz?
- Təbii ki, stadiona gedəcəyəm. Həm matçları izləyəcəyəm, həm də uzun müddətdir görmədiyim tanışlarımla görüşəcəyəm. Bu, məni həqiqətən çox sevindirdi.
- Şansları necə dəyərləndirirsiniz?
- “Şkendiya”nın FCSB-ni keçəcəyinə və ən azı Konfrans Liqasının əsas mərhələsini ilk dəfə təmin edəcəyinə heç kim inanmırdı. Uzun müddətdir ki, təsnifat mərhələlərində oynayırdılar. Yəni, erkən mərhələlərdə mübarizəni dayandırırlar. Buna baxmayaraq, yaxşı heyətə malikdirlər. Uzun müddətdir birlikdə oynayan və bir-birilərini yaxşı tanıyan futbolçuları var ki, bu da çox önəmlidir. Məncə, “Qarabağ”ı həm burada, həm də evdə çətin oyun gözləyir. “Qarabağ” Balkan komandalarına qarşı həmişə çətinlik çəkib, bu cür matçlar, adətən, çətin keçir. Fikrimcə, istər Skopyedə, istərsə də Bakıda “Qarabağ”ı çox çətin görüşlər gözləyir.
- Taktiki baxımdan necə, hər iki komandanın hansı üstünlükləri var?
- Komandaların özünəməxsus oyun strategiyaları var. Hər ikisi topla oynamağı sevən komandadır, baş məşqçilər də futbolçulardan bunu tələb edirlər. Düşünürəm ki, çox yaxşı oyun olacaq. Çünki topsuz oynamağı sevməyən iki komanda qarşılaşacaq.
- Üstünlük daha çox kimdədir?
- “Qarabağ”ın bəlkə də daha çox şansı var. Çünki uzun illərdir Konfrans Liqası, Avropa Liqası və hətta Çempionlar Liqasının qrup mərhələlərində çıxış edirlər. Komandada çox təcrübəli futbolçular var. Ola bilsin, “Qarabağ” daha yüksək səviyyəli oyunçulara malikdir. Amma bu, yalnız kənardan baxdıqda belə görünür. Meydana çıxanda bu amillər ikinci plana keçir. Nəticədə futbol 11-11-ə oynanılır. “Şkendiya”da da yüksək səviyyəli futbolçular var. Onlar Şimali Makedoniya çempionudurlar. Rumınıyanın FCSB klubu ilə ÇL-in II təsnifat mərhələsindəki matçda da heç kim təmsilçimizin mərhələni keçəcəyini gözləmirdi. Halbuki, FCSB çox güclü klubdur, demək olar ki, “Qarabağ” səviyyəsindədir. Üst səviyyəli və daha çox maaş alan heyətə malikdir. Amma meydanda bunlar özünü göstərmir. Kənardan baxanda şansların “Qarabağ”ın xeyrinə olduğunu söyləmək olar.
- Bəs azarkeş amili necədir?
- “Şkendiya”nın çox yaxşı azarkeş kütləsi var. Görüşün keçiriləcəyi Skopyedəki Toşe Proeski adına Milli Arena mərkəzdən "Şkendiya"nın təmsil etdiyi Tetovo şəhərindən təxminən 30 kilometr uzaqdadır. Amma hesab edirəm ki, stadiona çox sayda azarkeş gələcək. Onların da “Qarabağ” qədər güclü azarkeş kütləsi var.
- “Qarabağ” III təsnifat mərhələsini keçəcəyi təqdirdə, Çempionlar Liqasının qrupunda oynaya bilərmi?
- Məncə, gücü var. Çünki Qurban Qurbanov bu mövzuda çox təcrübəlidir. Hər zaman oyunçu seçimində çox az səhv edən baş məşqçidir. Dünən İrlandiya “Şelburn”una qarşı matçlarını izlədim. Çox keyfiyyətli futbolçuları var. Yeni transfer etdikləri Dani Bolt həqiqətən yüksək səviyyəli oyunçudur. İrlandiyadakı qarşılaşmada özünü çox yaxşı göstərmişdi. Ümid edirəm ki, növbəti oyuna qədər sağalacaq. Arzu edirəm ki, yeni heyətlə bağlı hər hansı çətinlik yaşanmasın. Düşünürəm ki, hədəflərindən uzaqlaşmayacaqlar.
- 2017-ci ildə siz komandadan ayrıldıqdan sonra “Qarabağ” Çempionlar Liqasının qrupuna düşdü...
- Düzdür, qrupda oynamadım. Amma ondan əvvəl ardıcıl iki il Avropa Liqasının qrup mərhələsində çıxış etdim. Mən ayrıldıqdan sonra isə “Qarabağ” Çempionlar Liqasında "Atletiko", “Roma” və “Çelsi”yə qarşı oynadı.
- O günlər üçün darıxırsınızmı?
- Futbolçu kimi karyeramın ən gözəl illərini “Qarabağ”da keçirmişəm. Hansısa futbolçudan “nəyə görə çalışırsan, hədəfin nədir?” soruşsanız, o, təbii ki, Avropa Liqası və ya Çempionlar Liqasında oynamaq istədiyini deyər. Mən bu hədəfə “Qarabağ”la çatdığım üçün çox xoşbəxtəm. O illər çox gözəl idi, çox yaxşı komandamız vardı. Komandadakı dostluq mühiti də əla idi. Biz ayrıldıqdan sonra da “Qarabağ” həm Avropa Liqasında, həm də Çempionlar Liqasında yoluna əmin addımlarla davam etdi. Belə bir komandada oynamaq mənim üçün həm qürurverici, həm də sevindiricidir.
- “Qarabağ”dan kiminləsə əlaqəniz qalıbmı, təbrik etmisinizmi?
- Oynadığım dövrdən sonra bir çox futbolçu klubdan ayrılıb. Uzun müddətdir əksəriyyəti ilə əlaqəm itib. Amma Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev, idman direktoru Asif Əsgərovla əlaqə saxlayıram. Eyni zamanda masajçılar, texniki heyət və bəzi məşqçilərlə də təbrikləşirik. Amma bir çox tanışım ya klubdan ayrılıb, ya da futbolu bitirib.
- Qurban Qurbanovla necə, əlaqə saxlayırsınızmı?
- Bəli, əlaqəmiz var. Bayramlarda onunla da, köməkçisi Elçin Rəhmanovla da danışırıq. Uzun müddətdir onları görməmişəm, bu səbəbdən, bura gəlişlərinə sevinəcəyəm. Görüşəcəyik.
- “Qarabağ”ın bir xüsusiyyəti var ki, sabiq oyunçulara yenidən komandaya qaytarır. Sizi də iki ayrı dönəmlərdə Ağdam klubunun heyətində görmüşdük. Sonradan Azərbaycandan elə bir təklif almısınızmı?
- Mən sonradan başqa klublara getdim. Amma heç vaxt aramız pozulmadı, əlaqəmiz kəsilmədi. Klublar bəzən sabiq futbolçularla əlaqə saxlayıb onları geri qaytara bilirlər. Amma ikinci dəfə ayrıldıqdan sonra elə bir təklif olmadı. Başqa klublardan kimləsə ciddi əlaqə qurmadım. Yəni, real təkliflər gəlmədi. Gəlsəydi, yəqin ki, düşünərdim. Çünki ora mənim ikinci evim kimidir. Hər kəsi çox yaxşı tanıyıram. Azərbaycanda çox gözəl insanlar var. Özümü orada çox rahat hiss edirdim. Elə bir fürsət olsaydı, Azərbaycana qayıtmağı düşünərdim.
- “Qarabağ”dan ayrıldıqdan sonra da çıxışlarını izləyirsiniz. Sizcə, nə dəyişib?
- Mənim vaxtımda çempionat rəqabətsiz idi. “Qarabağ” daha oturuşmuş komanda idi və rəqiblərini asanlıqla məğlub edirdi. O zamanlar “Xəzər-Lənkəran”, “Bakı” kimi güclü komandalar vardı. Onlar çempionatı tərk etdikdən sonra səviyyə bir qədər aşağı düşdü. Amma indi “Neftçi” güclənir, “Sabah” yaxşı komandaya çevrilib. Digər klublar da ciddi transferlər etməyə başlayıb. Bu, Azərbaycan çempionatı üçün çox müsbət haldır. Liqa nə qədər güclü və səviyyəli olarsa, legionerlər də tərəddüd etmədən ora gəlirlər. Düşünürəm ki, Azərbaycan çempionatı yenidən rəqabətli dövrlərinə qayıda bilər.
- “Qarabağ”da oynadığınız dövrdə hansı oyunu heç vaxt unutmursunuz?
- Təbii ki, Avropa Liqasına ilk çıxış etdiyimiz mövsümdə çox yaxşı oyunlarımız oldu. “Tvente”yə qarşı (1:1) Niderlandda vurduğum qolla “Qarabağ” ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. O oyunu heç vaxt unutmayacağam, mənim üçün xüsusi xatirəsi var.
- Azərbaycanlı azarkeşlərə demək istədiyiniz nəsə var?
- Ən vacibi, komandalarına və futbolçularına sahib çıxsınlar. Çünki azarkeşin dəstəyi oyunda motivasiyanı tamamilə dəyişir. Azarkeşlər meydanda olduqda atmosfer fərqli olur. Azərbaycan millisinə də dəstək verməlidirlər. Azarkeşlər bu baxımdan çox önəmlidirlər.