
Şimali Makedoniyanın "Şkendiya" klubunun sahibi Lazim Destani UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk oyununda komandaya dəstək olmaları üçün albanlara səslənib.
Sportnet.az xəbər verir ki, 71 yaxşlı funksioner şəxsi feysbuk hesabında bununla bağlı paylaşım edib.
"Şkendiya"nı beynəlxalq arenada uğura aparan Destani azarkeşlərdən təxribatlara uymamağı və nifrət doğuran bəyanatlardan çəkinməyi xahiş edib, eyni zamanda azarkeşlərin meydanda 12-ci oyunçu olacağına inandığını bildirib.
“Şkendiya” UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksələrsə, bu, Şimali Makedoniya futbolu üçün ilk olacaq.
Qeyd edək ki, "Şkendiya"nın təmsil etdiyi Tetovo şəhərində əhalinin əksəriyyəti, eləcə də Lazim Destani milliyyətcə albandır.
Bu gün Skopyedəki “Todor Proyeski” stadionunda keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.