
“Qurban Qurbanovun kollektivi ilk oyunda göstərdi ki, bu “Qarabağ”ı yarmaq o qədər də asan məsələ deyil. Bugünkü oyunda Ağdam təmsilçisi dominantlıq edəcək, topa sahibolmada da üstün olacaq”.
Bu sözləri Sportnet.az-a açıqlamasında veteran futbolçu Aslan Kərimov “köhlən atlar”ın bu gün Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı danışarkən deyib.
Təcrübəli mütəxəssis Azərbaycan çempionunun üstünlüyü olmasına baxmayaraq, bu oyunun çətin keçəcəyini qeyd edib: “1:0 qələbə bizə imkan verir ki, oyuna psixoloji olaraq daha rahat başlayaq. Lakin Şimali Makedoniyada olduğu kimi rəqibi təzyiq altında saxlamağı bacarmalı, onların basqı altında hücum qurmasına çalışmaq lazımdır. Belə halda top itkilərinə məruz qalacaqlar. Amma bütün hücumlar məntiqi sonluqla bitmir. Bəzən hansısa hücumda top itkisinə məruz qalmaq olur. Həmin anlarda Ağdam təmsilçisi topun öz yarımmeydançasına keçməsinin qarşısını almalıdırlar. Çünki nə qədər topu itirib yenidən geri qayıdış etsələr, bu, fiziki baxımdan komandanı yoracaq”.
Kərimov “Qarabağ”ın pley-off-a vəsiqə qazanmaq şanslarının yüksək olduğunu vurğulayıb: "Birinci oyun bizə göstərdi ki, “Qarabağ” rəqib komandanın qapısı qarşısında bir neçə qol imkanı yaratdı. Amma “Şkendiya”nın yüzdə-yüz qol imkanı olmadı. Sözsüz, qapıya bir-iki zərbə vuruldu. Bu da oyunçuların ustalığı sayəsində idi. Yəni çətin situasiyadan dönüb qapıya zərbə vurdular. Bütün bunlar rəqibin nə qədər təsir göstərməsi ilə də bağlıdır. Biz əslində müqayisə edərkən yalnız nisbi müqayisə aparırıq.
Məsələn, “Şkendiya”nın FCSB ilə oyunlarına da baxsaq, Rumınıya təmsilçisinin fərqli oyun stili olsa belə, “Qarabağ”la eyni gücdə komandadır. Hətta ötən mövsüm bizə qalib gəlməyi bacardılar. Rəqibi bir balaca boş buraxsan, yuxarıdan aşağı baxsan səni cəzalandıra bilərlər. Yaxşı oldu ki, “Qarabağ” FCSB dərsini gördü. Həqiqətən də Rumınıya təmsilçisi çox yaxşı komanda idi. Amma bir az boşluq verdiyi anda “Şkendiya” onları cəzalandırmağı bacardı. Şimali Makedoniya təmsilçisi FCSB ilə oyundakı kimi rahat şəkildə əks-hücumlara çıxa bilməyəcəklər. Bildiyimə görə də bunun üzərində daha çox işləyiblər. Yəni özləri hücumda olarkən müdafiəyə keçidlərin üzərində çox işləyirlər. Çempionlar Liqasının (ÇL) hələ püşkatması olarkən demişdim ki, “Qarabağ” hazırkı durumda turnirdən uzaqlaşdıra biləcək rəqiblə hələki üzləşməyiblər. Yəni “Şelburn” da, “Şkendiya” da əslində “köhlən atlar”ın dişinə görə rəqibdir. Yenə də unutmayaq ki, ÇL-də zəif rəqib olmur”.
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında ilk oyun "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.