
"Qarabağ"ın futbolçusu Emmanuel Addai klubu tərk etməyə yaxındır.
Sportnet.az Afrika mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Kiprin "Omoniya" komandası ilə razılıq əldə edib.
Nikosiya təmsilçisi qanalı oyunçu üçün "köhlən atlar"a 1,3 milyon avro təklif edib.
Addai yeni komandası ilə 3 illik müqavilə imzalayacaq. Onunla daha əvvəl Kiprin digər təmsilçisi APOEL də maraqlanırdı. "Sarı-göylər" Addai üçün "Qarabağ"a 1,2 milyon avro təklif etmişdi.
Qeyd edək ki, Emmanuel Addainin "Qarabağ"la 2026-cı ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm meydana çıxdığı 39 oyunda 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
"Omoniya" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibidir. Komandalar arasında Bakıda keçirilən oyunda Kipr klubu 4:0 hesablı qələbə qazanıb. Bu gün Nikosiyada təşkil olunacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.