
"Bizi qarşıda yaxşı bir çempionat gözləyir".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Şamaxı şəhər stadionunda "Karvan-Yevlax"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının I turunun açılış matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis xeyli qol imkanı əldə etdikləri halda, onları qola çevirə bilmədiklərini söyləyib: "Futbolda belə anlar olur. Əsas odur ki, qol imkanları yarada bilmişik. Mən sevinirəm ki, bu oyunda kifayət qədər qol vəziyyətimiz oldu. Hakimlərə etirazım ani, emosiyadan qaynaqlanan bir şey idi. Oyunçularıma bir az zaman lazımdır ki, daha yaxşı performans göstərə bilsinlər".
Təcrübəli baş məşqçi bu mövsümdəki hədəflərini də açıqlayıb: "I Liqadan gələn komanda üçün əsas tapşırıq budur: Premyer Liqada bacardığımız qədər yuxarı pillələrdə olmaq. Biz heç bir komandadan çəkinməyəcəyik və axıra qədər mübarizə aparacağıq. Aşağı liqadan gələn komanda üçün yüksək yerlər uğrunda oynamaq çətindir. Addım-addım gedirik".
Tsxadadze oyunda qırılma nöqtəsinin etdiyi dəyişikliklərin olduğunu da vurğulayıb: "Ehtiyatdakı oyunçular da bizimdir. Komanda 11 oyunçudan ibarət ola bilməz. Dəyişiklikdən sonra meydana daxil olan futbolçuların necə performans göstərməsi isə onların özündən asılıdır. Məsələn, Paulo Quimbila istədiyim səviyyədə çıxış etmədi. Bilmirəm, bəlkə də heyəcandan idi, amma oyunu alınmadı. I Liqada oynamış futbolçularımız — Şahin Şahniyarov, Nicat ƏIiyev, Eşqin Əhmədov — hamısı gəncdir. Onlar Premyer Liqa səviyyəsinə çatmağı bacaracaq oyunçulardır".