
"Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Belə bir komandaya qarşı bugünkü kimi nəticə əldə etmək istəyirsinizsə, gərək bəxtiniz də olsun, müəyyən oyun quruculuğunuz da. Bilirəm ki, "Qarabağ" bizə qarşı əsas heyətlə oynamadı. Çünki onları çox vacib oyun gözləyir. Ümidvaram ki, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq və mən onlarla fəxr edəcəyəm".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Saşa İliç səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Mövsümöncəsi mətbuat konfransında demişdiniz ki, avrokuboklara vəsiqə məqsədiniz futbolçulardan asılıdır. Keyfiyyətli futbolçular yığa bilmisinizmi və qələbələriniz bunun nəticəsidirmi?
- Əslində oyunçularımızdan razıyam, amma məqsədimizə çatmaq istəyiriksə, bizə daha bir neçə oyunçu lazım olacaq. Konkret, 3 oyunçu deyərdim. Amma mövcud futbolçularımızdan da çox razıyam. Çünki bu gün göstərdiyimiz nəticə qənaətbəxşdir.
- Oyunun sonlarında "Qarabağ"ın təzyiqinin artdığı bir məqamda Nikola Ninkoviçi meydana buraxmağınız nə ilə əlaqədar idi?
- Əslində Ninkoviç dünya səviyyəsində futbolçudur. Amma formaya düşməsi üçün müəyyən vaxt lazımdır. 90 dəqiqə ərzində fiziki olaraq tam çatdıra bilməsə də, top saxlama və taktiki gedişlər etmə qabiliyyəti var.
- "Qarabağ" əsas heyətlə oynasaydı, nəticə fərqli olardı?
- Əslində bizim üçün problem olardı və bu çətinliyi oyunun sonlarında rəqibin əsas heyət oyunçuları meydana daxil olduqdan sonra yaşayırdıq. Xüsusilə Marko Yankoviçi qeyd etmək istərdim. Onu daha əvvəl də tanıyırdım, çıxışlarını da izləmişəm, birlikdə də oynamışıq. Belə bir oyunçu matçın əvvəllərindən meydanda olsaydı, bizim üçün təhlükələr yaranardı.
- Ehtiyac duyduğunuz 3 oyunçu hansı mövqelərə lazımdır?
- Əslində heyətimizdə bəzi futbolçular var ki, oynamalıdır. Məsələn, Süleyman Əhmədov. Lakin onun vəziyyətinin oynamağa nə dərəcədə imkan verəcəyini hələlik bilmirik. Gedişata baxacağıq.
- Ötən oyun 11 oyun qol vura bilməyən "Sumqayıt" var idi. İndi isə komanda iki oyundur qol buraxmır və tarixdə ilk dəfə səfərdə "Qarabağ"la matçda qapısını toxunulmaz saxladı. Bu komandanın əsas özəlliyinin müdafiə xətti olduğunu demək olarmı?
- Əslində indi gördüyünüz "Sumqayıt" maksimal səviyyədə deyil. Hələ çox işləməliyik. Ona görə də komandadan istəyim çox olacaq.
- Komandanız çempionata çox yaxşı başlayıb. Heyətdəki gənc yerli futbolçuların səviyyəsindən və işə münasibətindən razısınız?
- Təbii ki, çalışırlar. Onları da meydana buraxıram və getdikcə də şans verəcəyəm. Kənan Feyziyev, Nihat Əhmədzadə oynadılar. Məşqlərdə də oynamaq istəklərini sübut edirlər.
- Qələbələrdən sonra futbolçuların eyforiyaya qapanacaqlarını düşünmürsünüz?
- Problem olacağını fikirləşmirəm, çünki hər dəfə yeni oyuna fokuslanırıq. Məncə, problem olmaz.
- Mövsümün sonunda komandanız neçənci yeri tutsa, sizi razı salacaq?
- Əslində çempion olmaq istərdim. Amma iki turdan sonra bu barədə danışmaq üçün tezdir.