
Avqustun 25-də Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq turnirinə start verilib.
Sportnet.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan açılış mərasimi iştirakçı komandaların paradı ilə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Nəbiyev və Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış ediblər. Mərasim rəqs nömrələri və “İdman səfiri” Xəyyam Orucovun çıxışı ilə davam edib.
Turnirin ilk oyun günündə “Sabah” (Azərbaycan) “Paxtakor”a (Özbəkistan) 0:1, “Qarabağ” (Azərbaycan) isə “Dinamo Tbilisi”yə (Gürcüstan) 0:2 hesabı ilə uduzub. “Neftçi” (Azərbaycan) – “Şaxtyor Qaraqanda” (Qazaxıstan) matçında isə 1:1 hesablı heç-heçə qeydə alınıb. “İstanbul Başakşəhər” (Türkiyə) “Bunyodkor”u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib. Günün digər görüşlərində “Ulduz” FA (Azərbaycan) “Trabzonspor məktəbi”nə (Türkiyə) 0:2, “Aspire Akademiyası” (Qətər) isə “Sduşorsi”yə (Qırğızıstan) 0:2 hesabı ilə məğlub olub.
Turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır. “A” qrupunda: “Ulduz” FA (Azərbaycan), “Trabzonspor məktəbi” (Türkiyə), “Sduşorsi” (Qırğızıstan), “Aspire Akademiyası” (Qətər); “B” qrupunda: “Qarabağ” (Azərbaycan), “Dinamo Tbilisi” (Gürcüstan), “İstanbul Başakşəhər” (Türkiyə), “Bunyodkor” (Özbəkistan); “C” qrupunda: “Sabah” (Azərbaycan), “Paxtakor” (Özbəkistan), “Neftçi” (Azərbaycan), “Şaxtyor Qaraqanda” (Qazaxıstan) yer alıb.
Final oyunu avqustun 28-də keçiriləcək. Bütün qarşılaşmalar Gənclər və İdman Nazirliyinin “Youtube” kanalında canlı yayımlanır.