
"Pley-off qarşılaşmasında üstünlüyümuzü qorumağa çalışacayıq"
Sportnet.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəkləri cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
28 yaşlı müdafiəçinin sözlərinə görə, komandasının yaxşı nəticələri həmişə öz oyun üslubu və qabiliyyətinə əsaslanıb: "Biz bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumağa yox, lazım olanı etməyə çalışacağıq. Xüsusən, istəyimiz baxımlı oynamaq, topa sahib olmaqdır. Futbolu həm azarkeşlər, həm də nəticə üçün oynayırıq. Ona görə də vurulan qollar və qapını toxunulmaz saxlamaq çox önəmlidir. Necə oynamışıqsa, yenə elə edəcəyik. Bizi sabah nələrin gözləyəcəyini deyə bilmərik. Rəqibin risklərinə hazır olmalı, hücumlarının qarşısını almalıyıq”.
Mustafazadə bu oyuna psixoloji cəhətdən də hazır olduğunu söyləyib: "Bir azərbaycanlı futbolçu üçün əsas mərhələdə oynamaq uğurdur. Əvvəllər 2 dəfə pley-offda oynamışam. İndi daha sakit yanaşırıq. İki topluq fərqin qalxa biləcəyini anlayırıq. Ona görə də sabahkı oyunda daha soyuqqanlı və sakit olacağıq".
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:45-də başlanacaq.